Bakı şəhərində INTOSAI-ın Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısı keçirilmişdir
Əlavə olunub: 2016-06-24

Cari ilin iyun ayının 23-24-də Bakıda Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-ın Dövlət Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısı keçirilmişdir.

 

INTOSAI-ın Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupu Rusiya Federasiyası Hesablama Palatası və ABŞ Cavabdehlik Ofisinin birgə təşəbbüsü ilə yaradılmışdır. Bu təşəbbüs INTOSAI-ın 2013-cü ildə Çində keçirilmiş XXI Konqresində və İdarə Heyətinin 64-cü toplantısında bütün üzv Ali Audit Qurumlar tərəfindən dəstəklənərək qəbul edilmişdir.

 

Xüsusi Qrupun əsas strateji məqsədi satınalma müqavilələrinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsində Ali Audit Qurumlarına köməklik göstərmək, o cümlədən satınalma müqavilələrinin auditi ilə bağlı ümumi qəbul edilmiş yanaşma və prosedurların təkmilləşdirilməsi və bu sahə üzrə beynəlxalq təcrübənin və metodologiyanın öyrənilməsi, beynəlxalq standartların və qaydaların hazırlanmasıdır.

 

Xüsusi Qrupa Rusiya Federasiyası Hesablama Palatası sədrlik edir.

 

Azərbaycan Respublikası Hesablama Palatası ilə birlikdə 12 ölkənin Ali Audit Qurumu İşçi Qrupunun üzvüdür.

 

INTOSAI-ın Satınalma Müqavilələrinin Auditi üzrə Xüsusi Qrupunun ilk toplantısı 25 iyun 2014-cü il tarixində, ikinci toplantısı 24-25 iyun 2015-ci il tarixində Moskva şəhərində keçirilmişdir. Xüsusi Qrupun 2014-cü ildə keçirilmiş ilk toplantısında onun 2014-2016-cı illər üzrə İşçi Planı qəbul edilmişdir.

 

Bakı keçirilmiş III Toplantıda  Belarus, Qırğızıstan, Çin Xalq Respublikası, Latviya, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya və  Zambiya Ali Audit Qurumlarının  nümayəndələri  iştirak etmişlər.

8 ölkədən 14 nümayəndənin iştirak etdiyi Toplantını Hesablama Palatasının   sədri Vüqar Gülməmmədov açaraq  Azərbaycan  Hesablama Palatasının INTOSAI-ın Dövlət Satınalmaları müqavilələrinin auditi üzrə Xüsusi Qrupunun III Toplantısına ev sahibliyi etməkdən çox  məmnun olduğunu  bildirmişdir.

 

Toplantı Rusiya Federasiyası Hesablama Palatasının  şöbə müdiri Natalya Boçarova  tərəfindən Xüsusi Qrupun 2014-cü ildə  Rusiya Federasiyasında keçirilmiş  II  Toplantısından ötən dövrdə fəaliyyətinə dair hesabatı təqdim edilmiş,  Azərbaycan Respublikası Hesablama Palatasının əməkdaşının “Dövlət satınalmaları: Hesablama Palatasının rolu və əhəmiyyəti” mövzusunda təqdimatı  dinlənilmişdir.

 

Portuqaliya və Zambiya Ali  Audit Qurumlarının nümayəndələrinin Xüsusi Qrupun üzv ölkələrində satınalma müqavilələrinin auditi ilə əlaqədar pilot layihələrə dair hesabatları dinlənilmiş, pilot layihələrin nəticələri və dövlət satınalma müqavilələrinin auditi sahəsində beynəlxalq təşəbbüslər və qabaqcıl təcrübələrə dair monitorinqin nəticələri müzakirə edilmişdir.

 

Toplantının sonunda  iştirakçılar qonaqpərvər ev sahibliyi və yaradılmış işgüzar şərait üçün Azərbaycan Respublikası Hesablama Palatasına minnətdarlıqlarını ifadə etmişdir.