Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində səfərdə olmuşdur
Əlavə olunub: 2016-06-08

Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədovun rəhbərliyi ilə  nümayəndə heyəti 2016-cı ilin 7-8 iyun tarixlərində MDB-yə üzv dövlətlərin  Ali Audit Qurumlarının Rəhbərlər Şurasının Belarus Respublikasının Minsk şəhərində keçirilən XVI sessiyasında iştirak etmişdir.

 

Sessiyanın mövzusu, əvvəlcədən əldə edilmiş razılıq əsasında, “MDB-yə üzv olan ölkələrin Ali Audit Qurumlarının iqtisadi təhlükəsizliyin təmin edilməsində rolu: müasir yanaşmalar, yeni perspektivlər və imkanlar, baş verən dəyişikliklərə adaptasiya” kimi müəyyən edilmişdir.

 

Sessiyada Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti ilə yanaşı Rusiya Federasiyası, Belarus, Qırğızıstan, Moldova, Tacikistan və Qazaxıstan respublikalarının nümayəndələri iştirak etmişlər. Eyni zamanda Slovakiya Respublikası  Ali Nəzarət İdarəsinin əməkdaşları da müşahidəçi qismində sessiyaya dəvət olunmuşdular.

 

Səfər çərçivəsində  Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Belarus Respublikası Dövlət Nəzarət Komitəsinin sədri Leonid Anfimovla görüşü baş tutmuşdur. İkitərəfli görüşdə qurumlar arasında mövcud əməkdaşlığın və münasibətlərin daha da inkişaf etdirilməsi, o cümlədən iki qurum arasındakı imzalanmış Əməkdaşlığa dair Saziş çərçivəsində gələcək əməkdaşlıq perspektivləri və kənar maliyyə auditi sahəsində bilik və təcrübə mübadiləsinin inkişaf etdirilməsi məsələləri  də müzakirə edilmişdir.

 

Sessiyada üzv AAQ-ların sessiyalararası dövrdə fəaliyyətləri ilə bağlı hesabatlar dinlənilmiş, o cümlədən, Şuranın Əsas Milli Göstəricilər üzrə ekspert Qrupunun, Maliyyə nəzarəti standartlarının hazırlanması üzrə İşçi Qrupunun, Şuranın katibliyinin fəaliyyəti ilə bağlı hesabatlar da müzakirəsi edilmişdir.

 

Hesablama Palatasının sədri V. Gülməmmədov sessiya zamanı “İqtisadi təhlükəsizlik probleminin həllində Ali Audit Qurumlarının rolu” mövzusunda çıxış etmiş, “Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası” ilə təsdiq edilmiş əsas istiqamətlər barədə məlumat vermişdir. Sədr çıxışında AAQ olaraq müəyyən olunmuş əsas riskləri diqqətə çatdıraraq, bu risklərə xarici amillərin təsiri ilə dövlət gəlirlərinin həcminin azalması, dövlətin borc öhdəlikləri və valyuta ehtiyatlarının yetərliliyi kimi amillərlə yanaşı büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinə nəzarət sisteminin tam təmin edilməməsini də aid etmişdir. V. Gülməmmədov hər bir risk üzrə AAQ-ların rolu və Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən atılan və nəzərdə tutulan addımlar barədə məlumat vermişdir.

 

XVI sessiya çərçivəsində  Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər üzv dövlətlərin Ali Audit Qurumlarının rəhbərləri Belarus Respublikasının Prezidenti cənab Aleksandr Lukaşenko ilə də görüşmüşlər.

 

Sessiyanın işinin sonunda Şuranın 2017-ci ildə keçiriləcək növbəti sessiyasına Azərbaycan Respublikası Hesablama Palatasının sədrlik etməsi ilə bağlı qərar qəbul olunmuşdur.