Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun 2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında çıxışı
Əlavə olunub: 2016-05-31

Hörmətli Cənab Sədr!

 

Hörmətli millət vəkilləri! Hörmətli xanımlar və cənablar !

 

Hesablama Palatası tərəfindən 2015-ci ilin dövlət büdcəsinin icrasına dair Rəy “Hesablama Palatası haqqında” və “Büdcə sistemi” haqqında qanunların tələblərinə əsasən hazırlanmış və müvafiq qaydada tərtib edilərək təqdim edilmişdir.  Rəydə dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait və büdcə parametrlərinin funksional, iqtisadi və inzibati təsnifat üzrə geniş təhlil aparılmışdır.

 

Rəyin tərtibi zamanı dövlət büdcəsinin gəlir və xərclərinin icrası üzrə mərkəzi icra hakimiyyəti orqanlarının hesabatlarına, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin məlumatlarına, Hesablama Palatasının apardığı nəzarət tədbirlərinin nəticələrinə, nüfuzlu beynəlxalq təşkilatların hesabat və tədqiqatlarına əsaslanmışıq. Eyni zamanda, qeyd edim ki, büdcə vəsaitindən istifadə edən 100-dən çox qurum tərəfindən təqdim edilmiş hesabatların təhlilinə də istinad edilmişdir.

 

2015-ci il Azərbaycan iqtisadiyyatı üçün enerji daşıyıcılarının qiymətlərinin aşağı səviyyədə olması, tədiyyə balansının həssaslığının artması, ÜDM-də neft sektorunun payının daha da azalması, manatın sərbəst dönərli valyutalara nisbətdə məzənnə mövqelərinin zəifləməsi, eləcə də orta illik inflyasiya səviyyəsinin son illərlə müqayisədə artması kimi əsas amillərlə səciyyələnmişdir.

 

Bu amillər 2015-ci ildə iqtisadi aktivliyin iqtisadiyyatın qeyri-neft seqmentinə daha dərindən köklənməsinə səbəb olmuşdur. Qeyri-neft seqmenti isə, öz növbəsində, neft gəlirlərinin aşağı səviyyədə qalması şəraitində neft sahələri hesabına formalaşan tələbin kəskin səngiməsi reallıqları ilə üzləşsə də, əvvəlki illərdə müşahidə olunan dayanıqlı inkişafını hesabat dövrü ərzində qoruya bilmiş və iqtisadi artımın başlıca mənbəyinə çevrilmişdir.

 

    Dövlət büdcəsinin parametrlərinin təhlilinə dövlət büdcəsinin gəlirləri ilə başlamaq istərdim.

 

2015-ci ilin dövlət büdcəsinin icrasına dair hesabata əsasən dövlət büdcə gəlirləri 17498,0 mln. manat məbləğində və ya ilkin təyinatla müqayisədə 90,0% səviyyəsində icra edilmişdir. Aparılmış təhlillər göstərir ki, iqtisadi amillərlə yanaşı hesabat dövründə dövlət büdcəsinin vergi gəlirləri üzrə mədaxil mənbələrinin icrasına vergi inzibatçılığının gücləndirilməsi, həmçinin bir sıra vergi dərəcələrinin artırılması və vergitutma bazasının genişləndirilməsi də təsir etmişdir.

 

Təqdim edilmiş hesabatlara əsasən Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabat ilində tam icra edilmiş və hər iki qurum üzrə daxilolma əvvəlki illə müqayisədə artmışdır.

 

Dünya bazarlarında enerji daşıyıcıların qiymətinin əvvəlki illərlə müqayisədə azalması, eləcə də 1 barel neftin qiymətinin hesabat ilinin sonuna orta illik göstəricisi dövlət büdcə gəlirlərinin proqnoz göstəricisinidən 40,4% az olması Dövlət Neft Fondundan transferlərin 78,3% səviyyəsində icra edilməsinə, aksizlər üzrə daxilolmaların 5,3%, Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmaların isə  5,8% kəsirlə icrasına səbəb olmuşdur.

 

Bununla yanaşı, dövlət rüsumları və büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar müvafiq olaraq 82,4% və 67,4% səviyyəsində icra edilmişdir. Hesabat ilində adıçəkilən tədiyyələrin dövlət büdcəsində gəlirlərində xüsusi çəkisi cəmi 1,7%-dir, lakin qeyd etməliyəm ki, son üç ildə hər iki tədiyyə növü üzrə icra təsdiq olunmuş proqnoz göstəriciləri ilə müqayisədə aşağı səviyyədə olmuşdur.

 

2015-ci il ərzində Bakı şəhəri nəzərə alınmadan yerli gəlirlər üzrə dövlət büdcəsinə 593,4 mln manat məbləğində və ya proqnozun 99,5%-i səviyyəsində vəsait daxil olmuşdur ki, bu da 2014-cü ilə nisbətən isə 3,7% çoxdur.

 

Hesabat dövrü üçün təsdiq edilmiş proqnozlar əksər şəhər və rayonlar səviyyəsində əsasən artıqlaması ilə yerinə yetirilmişdir. Bir sıra regionlar, o cümlədən Sumqayıt şəhəri, Xaçmaz rayonu, İmişli rayonu, Şəki şəhəri üzrə proqnoz kəsirlə icra olunması ilə yanaşı daxilolmaların həcmi 2014-cü illə müqayisədə azalmışdır.

 

Hörmətli millət vəkilləri!

 

Dövlət büdcəsinin digər bir parametri olan dövlət büdcəsinin xərcləri barədə isə aşağıdakıları qeyd etmək istərdim.

 

Dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş hesabat və müvafiq qanun layihəsinə görə, 2015-ci ilin dövlət büdcəsinin xərcləri 17784,5 mln. manat məbləğində və ya 84,3% səviyyəsində icra edilmişdir.

 

Qeyd etdiyimiz kimi, 2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3% və ya 3315,5 mln.manat az icra edilmişdir. İcra edilməyən vəsaitin 3,4%-i əməyin ödənişi xərcləri, 6,6% %-i malların satınalması xərcləri, 60,5%-i qeyri-maliyyə aktivlərinin alınması (əsas vəsaitlərin ), 23,9%-i əsaslı təmir və sair xərclərin, 5,6%-i isə iqtisadi təsnifatın qalan bölmələrin payına düşmüşdür. Başqa sözlə icra edilməyən vəsaitin 61,9% %-i isə əsaslı xərclər, 38,1%-i cari və borca xidmətlə bağlı xərclərdir.

 

Dövlət satınalmaları dövlət büdcə xərclərinin əhəmiyyətli bir hissəsini təşkil edir.  Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyətinə dair Hesabatına əsasən dövlət büdcəsinin vəsaiti hesabına 6930 müsabiqə keçirilmişdir. Dövlət büdcəsi vəsaiti hesabına tender müsabiqələrinin ehtimal olunan məbləği cəmi 1137,8 mln. manat təşkil etmişdir. Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti ilə bağlı Hesabatda dövlət satınalmaları barədə ətraflı məlumat verildiyini nəzərə alaraq bunun üzərində çox geniş dayanmaq istəməzdim.

 

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə 28 aprel 2016-cı il tarixli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın 1.2.-ci bəndində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə inzibati və cinayət məsuliyyəti müəyyən edən qanun layihələrinin hazırlanması tapşırığı verilmişdir. Cənab Prezident tərəfindən bu Sərəncamla verilmiş tapşırıqlar çox mühüm əhəmiyyət kəsb edir və əminliklə demək olar ki, bu Sərəncam büdcə vəsaitlərindən qənaətli istifadəyə məsuliyyətli yanaşmaya səbəb olacaqdır.

 

2015-ci ilin dövlət büdcəsinin xərclərinin icrası və strukturu ilə bağlı hörmətli maliyyə naziri tərəfindən geniş məlumat verildiyini nəzərə alaraq, diqqətinizi dövlət büdcə vəsaitlərinin icrası ilə bağlı büdcə təşkilatlarından alınmış hesabatların ilkin nəticələrinə yönəltmək istərdim.

 

Qeyd edildiyi kimi, hesabat ilində 100-dən çox qurum üzrə vəsaitlərin icrası ilə bağlı hesabatlar təhlil edilmiş, təhlil nəticəsində məxfi xərclər istisna olmaqla 5,8 mlrd. manat məbləğində vəsait əhatə olunmuşdur. İlkin araşdırmaların nəticəsi olaraq bir əsas məqamı iclas iştirakçılarına bildirmək istərdim.

 

Hesabatların araşdırılması zamanı müəyyən edilmişdir ki, 01.01.2016-cı il tarixə (artan yekunla) büdcə vəsaitindən istifadə edən təşkilatların debitor borcları azalmış, əksinə, kreditor borclarında isə artım yaranmışdır. Qeyd etməliyəm ki, büdcənin qənaət rejimində fəaliyyət göstərdiyini nəzərə alaraq bəzi təşkilatlar üzrə debitor borcların həcmi, yaranma müddəti və faktiki xərclərə olan nisbəti həmin borcların vaxtında və müvafiq qaydada ləğv edilməsini zəruri edir. Hesablama Palatası tərəfindən aparılan audit tədbirləri göstərir ki, avans ödənişlərinin aparımasına və debitor və kreditor borcların dəqiq uçotuna nəzarəti gücləndirmək lazımdır.

 

Dövlət borcları barədə

Xarici dövlət borcuna xidmətlə əlaqədar xərclər 90,0% səviyyəsində icra edilmiş, bu isə 2014-cü ilin müvafiq göstəricisindən 1,8 dəfə çoxdur. Ötən il olduğu kimi hesabat ilində də xarici dövlət borcu üzrə ödənişlər yalnız beynəlxalq maliyyə-kredit təşkilatlarından alınmış kreditlər üzrə olmuşdur.

 

2015-ci ildə daxili dövlət borcu əhəmiyyətli şəkildə artmış və onun həcmi ÜDM 8,5%-i səviyyəsində olmuşdur. Lakin bu göstərici Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan İNTOSAİ-ın “Borc göstəriciləri” adlı İSSAİ 5411 standartlarında yer alan daxili borcun dayanıqlıq göstəricisi limitindən aşağıdır.

 

Ümumiyyətlə, məcmu dövlət borcunun məbləği beynəlxalq təcrübədə müəyyən edilmiş müxtəlif indikator gösticiləri üzrə kritik hədlərdən əhəmiyyətli şəkildə aşağıdır.

 

Büdcə parametrlərinin təhlili baxımından digər mühüm indikator büdcə kəsiridir. Büdcənin balanslaşdırılması müasir dövrdə inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələr üçün vacib bir məsələdir. 2015-ci ilin yekunlarına əsasən dövlət büdcəsinin 286,6 mln. manat məbləğində kəsiri yaranmışdır. Dövlət büdcəsinin defisiti , bir qayda olaraq, mütləq qiymətlə deyil, müvafiq büdcə ilinin ÜDM mütləq dəyərinə olan nisbəti ilə xarakterizə olunur. Hesabat ilində bu,  ÜDM-in 0,52% həcmində olmuşdur. ÜDM- in real artım tempinin 1,1% olduğunu nəzərə alsaq, büdcə dayanaqlığının qiymətləndirilməsi baxımından bu göstərici – müsbət göstəricidir.

 

Təqdim olunmuş məlumatlara əsasən 2015-ci ilin sonuna vahid xəzinə hesabının qalığı 1,4 mlrd.manat məbləğində olmuşdur. Son illər xəzinə hesabının qalığı həm də büdcə kəsiri üçün “maliyyə təhlükəsizliyi yastığı” rolunu oynayır və büdcə kəsirinin əsas maliyyələşmə mənbəyidir. 2015-ci ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə  vahid xəzinə hesabının qalığından 285,6 mln manat cəlb edilmişdir, Bundan başqa, kəsirin maliyyələşdirilməsinə özəlləşdirmədən daxilolmalar 24,1 mln. manat, xarici qrantlar üzrə isə 14,6 mln manat məbləğində vəsait yönəldilmişdir. Qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi nəzərdə tutulduğu halda bu mənbədən istifadə edilməmişdir.

 

 

Hörmətli millət vəkilləri !

Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən maliyyə intizamının gücləndirilməsi, şəffaflığın yüksəldilməsi və hesabatlılığın artırılması istiqamətində mühüm tapşırıqlar verilmişdir. Hesablama Palatası ölkə rəhbərinin müəyyən etdiyi vəzifələrin icrasını təmin etmək üçün büdcə sistemindəki münasibətlərin, büdcə prosesinin əsaslarının tənzimlənməsi və təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu hesab edir. Bu mənada büdcə qanunvericiliyinin gücləndirilməsi cənab Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin uğurlu icrasına şərait yaradar.

 

Hörmətli millət vəkilləri!

2015-ci il dövlət büdcəsinin icrası ilə bağlı tərtib olunan Rəydə təhlillər üzrə ümumiləşdirilmiş nəticələr əks etdirilmiş, həmçinin müxtəlif istiqamətləri əhatə edən təkliflər də əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, Hesablama Palatasının Kollegiyasının 2015-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı müsbət rəyinin nəzərə almasını xahiş edirəm.

 

Diqqətinizə görə təşəkkür edirəm.