Türkiyə Respublikası Hesablama Məhkəməsinin üzvlərindən ibarət nümayəndə heyəti Hesablama Palatasında olmuşdur
Əlavə olunub: 2016-05-27

Türkiyə Respublikası  Hesablama Məhkəməsinin 11 üzvü cari ilin 23-27 may tarixlərində Azərbaycan Respublikası Hesablama Palatasında olmuşdur. Nümayəndə heyətinə Hesablama Məhkəməsinin 3-cü dairə rəhbəri cənab Ahmet Kartal rəhbərlik etmişdir.

 

Səfər çərçivəsində Azərbaycan Respublikası  Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla keçirilən görüşdə səfərin məqsədi və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.

 

Türkiyə Respublikasının Hesablama Məhkəməsinin üzvləri Azərbaycan Respublikası Milli Məclisində də olmuş, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri cənab S. Mirzəyevlə görüşmüşlər. Görüşdə Parlament və Ali Audit Qurumları arasında münasibətlərin tənzimlənməsi və genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır. 

 

Türkiyə Respublikası Hesablama Məhkəməsinin auditorları Hesablama Palatasının auditorları ilə də görüşmüş, fəaliyyət istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.

 

Nümayəndə heyətinə Palatanın fəaliyyətini  tənzimləyən normativ-hüquqi aktlar, strukturu və nəzarət fəaliyyəti, həmçinin audit tədbirlərinin keçirilmə prosedurları   ilə bağlı məlumatlar verilmişdir.

 

Növbəti gün Hesablama Palatasının parlamentlə münasibətləri və fəaliyyətinin əsas nəticələri üzrə hazırlanan rəylər və hesabatlar barədə, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilmiş  layihələr və tədbirlərlə bağlı təqdimatlar edilmişdir.

 

Hər bir mövzu üzrə müzakirələr aparılmış, qonaqların sualları cavablandırılmışdır.

 

Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət etmiş, Bakının görməli yerləri ilə tanış olmuşlar.

 

Türkiyə Respublikası  Hesablama Məhkəməsinin üzvlərindən ibarət nümayəndə heyətinin səfəri  mayın 27-də başa çatmışdır.