Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ildə fəaliyyəti ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin 15 aprel 2016-ci il tarixli iclasında çıxışı
Əlavə olunub: 2016-04-15

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun plenar iclasda çıxışı 

 

Hörmətli Cənab Sədr!

Hörmətli millət vəkilləri! Hörmətli media üzləri və qonaqlar!       

 

2015-ci il son illərdə dünya iqtisadiyyatının rastlaşdığı tərəddüdlü illərdən biri olmuşdur və müxtəlif ölkələr tərəfindən ciddi büdcə qənaətlərinin tətbiqi ilə xarakterizə edilir. Bu faktorlar respublikamızın qlobal iqtisadiyyata inteqrasiya olunmuş iqtisadi sisteminə də öz təsirini göstərmiş, lakin ölkə başçısı tərəfindən həyata keçirilən düşünülmüş islahatlar mənfi təsirlərin yumşaldılmasına öz tövhəsini vermişdir. Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi və büdcə vəsaitlərinin qənaətli və səmərəli istifadənin daha aktuallaşması hesabat ilində dövlətin maliyyə nəzarəti sistemində müəyyən olunmuş səlahiyyətləri çərçivəsində Hesablama Palatasını fəaliyyətinin daha da gücləndirilməsinə səfərbər etmişdir.

 

Diqqətinizə təqdim edilmiş Hesabat beynəlxalq təcrübəyə uyğun olaraq Palatanın 2015-ci ildə maliyyə-büdcə nəzarəti və ekspert-analitik fəaliyyətinin, həmçinin korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyətinin əsas nəticələrinə uyğun tərtib edilmiş, eyni zamanda hörmətli millət vəkillərinin ötən illərdə irəli sürdüyü təklif və tövsiyələri nəzərə alınmışdır.

 

Sizlərə təqdim edilmiş Hesabatın fərqli xüsusiyyəti buraya ayrı-ayrı audit obyektlərində aparılmış auditlərin nəticələri ilə yanaşı büdcə sferasının müxtəlif xərc istiqamətləri üzrə mövcud problemlərlə bağlı  geniş təhlillərə yer verilməsidir və növbəti illərdə də bu fəaliyyəti gücləndirməyi nəzərdə tuturuq.

 

 

Hörmətli millət vəkilləri!

 

2015-ci ildə Hesablama Palatasının İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə biri ekspert-analitik təhlil  olmaqla 84,  Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 24 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar verilmişdir. 1 audit tədbiri  audit dövründə həmin qurumun vəzifəli şəxsləri ilə bağlı aidiyyəti orqanlar tərəfindən cinayət işinin başlanılması səbəbindən dayandırılmış, 1 audit tədbiri isə  növbəti ilə  keçirilmişdir. Bundan əlavə hesabat ilində  2014-cü ilin İş Planı üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılmış və bu Hesabata daxil edilmişdir.

 

2015-ci ildə başa çatdırılmış nəzarət tədbirləri 175 qurumun, o cümlədən 29 rayon İcra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının xarici ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə etmişdir.   

 

Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri ilə 4,2 mlrd. manat məbləğində vəsaiti əhatə olunmuşdur. Qeyd edək ki, 2014-cü illə müqayisədə nəzarət tədbirlərinin sayında əhəmiyyətli dəyişiklik olmasa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3% çoxdur.

 

Dövlət büdcəsinin funksional xərcləri üzrə strukturu baxımından daha çox investisiya ilə bağlı xərclərə yönəldilmiş vəsait əhatə olunmuş, 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9%-ni mərkəzləşdirilmiş, 9,1%-ni isə yerli xərclər təşkil etmişdir.

 

Hesabat ilində büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirlərində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2014-ci il üçün maliyyə hesabatları, həmçinin, Neft Fondundan Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna 2013-2014-cü illərdə ayrılmış vəsaitlər audit olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu ilə bağlı isə  nəzarət tədbirləri ilə 128,7 mln. manat məbləğində vəsait əhatə edilmişdir.

 

2015-ci ildə beynəlxalq təşkilatlardan cəlb edilmiş kreditlər hesabına icra olunmuş bir sıra layihələr üzrə həyata keçirilmiş nəzarət tədbirlərində 68,1 mln  ABŞ dolları, 17,3 mln avro və 7,0 mlrd. yapon yeni məbləğində vəsait əhatə olunmuşdur.

 

Dövlət büdcəsinin xərcləri üzrə nöqsanların qruplaşdırılmasını aparsaq, əsasən  əməyin ödənilməsi, əsas fondların təmiri, tikintisi və bərpası işlərində, dövlət satınalmaların həyata keçirilməsində mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi  zamanı  yol verilmiş nöqsanların böyük xüsusi çəkiyə malik olduğunu görərik.

 

Ötən hesabatlarda da qeyd edildiyi kimi, dövlət satınalmalarının keçirilməsi istiqamətində buraxılmış nöqsanlara audit olunmuş bütün qurumlarda rast gəlmək mümkündür. Satınalma metodu tətbiq edilmədən müqavilələrin bağlanması, həmçinin qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunmuş məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsi ilə yanaşı, büdcə vəsaitindən istifadə edən təşkilatlar tərəfindən  bir mənbədən satınalma metoduna üstünlük verilməsi hallarına daha çox rast gəlinmişdir. Təhlil bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanmış birbaşa müqavilələrin əsasən təmir-tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyini göstərir. Bu sahədə qeyd edilməli əsas məqam isə audit olunmuş qurumlar tərəfindən bəzi hallarda zərurət olmadan bir mənbədən satınalma keçirilməsi üçün müraciətin edilməsidir.

 

Ümumilikdə, hesabat ilində dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsinin xərcləri, Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri nəzərə alınmaqla 10286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilmişdir.

 

Hesabat ilində nəzarət tədbirləri nəticəsində artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpası ilə yanaşı, müvafiq olaraq, 1,6 mln. manat məbləğində işlər və xidmətlərin görülməsi həyata keçirilmiş və 1,7 mln. manat məbləğində inventar və materialların natura şəklində bərpası təmin edilmişdir.

 

Qeyd edilənlərlə yanaşı, 271,0 ştat vahidinin azaldılması təmin olunmuşdur ki, bu da əlavə vəsaitin istifadəsinin qarşısının alınması deməkdir.  

 

Dövlət büdcəsi ilə yanaşı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu üzrə aparılmış 4 nəzarət tədbirinin nəticələrinə əsasən 266,0 min manat vəsait Fondun büdcəsinə bərpa edilmiş, həmçinin, məcburi dövlət sosial sığorta haqları üzrə az hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks olunmuşdur.

 

Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq Hesablama Palatası tərəfindən 134 təqdimat göndərilmişdir.     

 

Hesablama Palatasının qəbul edilmiş Kollegiya qərarları ilə 995 tövsiyə verilmişdir ki, həmin tövsiyələrin 10,8%-i yol verilmiş nöqsanlar üzrə dövlət büdcəsinə bərpa və işlərin (xidmətlərin) görülməsi, 8,5%-i debitor və kreditor borclarla bağlı olmuş, 80,7%-i isə müəyyən edilmiş nöqsanlara gələcəkdə yol verilməməsi, fəaliyyətin gücləndirilməsi ilə bağlı müxtəlif istiqamətləri əhatə etmişdir.

 

İşlərində nöqsanlara yol vermiş şəxslərə münasibətdə qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılan təşkilatlar tərəfindən 398 nəfərlə bağlı intizam tənbeh tədbirləri görülmüşdür.

 

Hesablama Palatası olaraq diqqət yetirdiyimiz digər məqamlar isə vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsi və vəsaitin təyinatı üzrə istifadəsi ilə bağlı olmuşdur. Hesablama Palatasının ötən illər üzrə Hesabatlarında da qeyd edildiyi kimi, audit olunan qurumların böyük əksəriyyətində müəyyən olunmuş nöqsanlardan biri də vəsaitin təyinatının  dəyişdirilməsidir. Nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili vəsaitlərin Vahid Büdcə Təsnifatı ilə müəyyən olunmuş iqtisadi və funksional təsnifat  koduna uyğun istifadə edilməməsi hallarına yol verildiyini göstərir.

 

Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmişdir ki, audit olunan qurumlar tərəfindən ümumilikdə 49,2 mln. manat məbləğində vəsait Vahid Büdcə Təsnifatı ilə təsdiq edilmiş iqtisadi  və funksional təsnifat kodu üzrə icra olunmamışdır.  Son dövrlərdə aktuallaşan bir məsələ də məhz vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır və artıq bununla bağlı müvafiq qanunvericilik aktlarına zəruri əlavələr olunmaqdadır. Hesab edirik ki, mövcud qanunvericilik aktlarında ümumiyyətlə təyinatdan kənar xərc anlayışına dəqiq izah verilməsinə ehtiyac var. Belə ki, təyinatdankənar xərc dedikdə, büdcədən ayrılan vəsaitin  yalnız VBT-nın funksional və iqtisadi təsnifat üzrə icra edilməməsi ilə yanaşı, malın və görülmüş işin optimal qiymətə ödənilməməsi səbəbindən artıq vəsaitin xərclənməsi, vəsaitlərin ünvanlı ödənilməməsi və xərclər smetasında planlaşdırıldığı kimi icra edilməməsi də başa düşülməlidir.Bu anlayışın müfəssəl təsviri nəzarət tədbirlərinin effektiv nəticələnməsinə yardımçı olacaqdır.

 

 

Hörmətli millət vəkilləri!

 

Hesablama Palatasının fəaliyyətinin digər bir komponenti ekspert-analitik fəaliyyətlə bağlıdır və bu istiqamətdə mövcud qanunvericiliyə uyğun olaraq Hesablama Palatası dövlət büdcəsi və büdcədənkənar fondların layihəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı rəylərini hazırlamışdır. Həmin rəylərdə Hesablama Palatası büdcə prosesinin təkmilləşdirilməsi ilə yanaşı maliyyə intizamının gücləndirilməsi sahəsində təkliflərini hörmətli millət vəkillərinə  təqdim etmiş, tərtib edilmiş rəylərdə ilk dəfə olaraq Hesablama Palatasının nəticə və tövsiyələri, ümumilikdə isə 98 təklif və 15 tövsiyə əks etdirilmişdir.

 

Hazırda müzakirənizə təqdim etdiyimiz Hesabatda büdcə prosesinin təkmilləşdirilməsi məqsədilə 16 mühüm təklif təqdim olunmuşdur. Təqdim edilən təkliflər dövlət büdcə xərclərindən qənaətli istifadə edilməsi, vergi inzibatçılığının gücləndirilməsi, büdcənin icrası prosesində xərclərin normativləşdirilməsi ilə bağlı rast gəlinən problemlər və nəhayət, dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən yol verilmiş maliyyə pozuntularına görə AR Inzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklərlə bağlıdır.

 

 

Hörmətli millət vəkilləri!

 

Parlamentin ötən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklərə baxılmışdır. Hesab edirik ki, həmin Məcəllənin müvafiq maddələrinə  dövlət satınalmaları və dövlət investisiyaları ilə bağlı hüquqpozmalara dair əlavələr də edilməlidir.

 

2015-ci ildə fəaliyyətlə bağlı Hesabata eyni zamanda, Hesablama Palatasının korrupsiyaya ilə bağlı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyəti ilə bağlı məlumatlar daxil edilmişdir. Qeyd edək ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası olaraq hesabat ilində Hesablama Palatasının yenilənmiş rəsmi internet səhifəsi istifadəyə verilmiş, şəffaflığın təmin edilməsi və məlumatlılığın artırılması məqsədilə dövlət büdcəsinə verilən rəylər və  maliyyə  nəzarətinin nəticələri barədə statistik təhlillər, eləcə də  başa çatmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatlar mütəmadi olaraq saytda yerləşdirilməklə ictimaiyyətə çatdırılır.

 

Hesablama Palatası yuxarıda göstərilən funksional fəaliyyəti üçün dövlət büdcəsindən 2015-ci ildə  3175,5 min manat vəsait istifadə edilmişdir. Bu məbləğ  təsdiq edilmiş xərclər smetasının 81,6 faizinə bərabərdir və keçən ilin analoji göstəricisindən 2,3 faiz azdır. Bu vəsaitin 82,5 faizi əməyin ödənişi xərcləridir ki, bu, hesabat ilində Naxçıvan Muxtar Respublikası üzrə İdarə də daxil olmaqla 146 nəfər işçini əhatə etmişdir.

 

2015-ci ildə Azərbaycan Respublikasının Hesablama Palatasının Ali Audit Orqanı kimi fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilmişdir. Qeyd edək ki, hesabat ilində “Açıq Büdcə İndeksi”i ilə bağlı Hesabatda Azərbaycan Respublikasının AAQ-ı olaraq Hesablama Palatasının büdcəyə nəzarət baxımından fəaliyyəti 100 ballıq şkala ilə 50 balla dəyərləndirilmişdir ki, bu da əvvəlki qiymətləndirmədən 8 bal çoxdur.  Bildirmək istərdik ki, bu dəyərləndirmədə 2014 cü ildən sonrakı fəaliyyətlər nəzərə alınmamışdır. İnanırıq ki, növbəti qiymətləndirmələrdə Hesablama Palatasının mövqeyi daha da yüksələcəkdir.

 

 

Hörmətli Sədr!  Hörmətli millət vəkilləri!

 

Cari ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icrası, dövlət əmlakının istifadəsinə dair 80-dən çox audit və ekspert-analitik təhlil işləri planlaşdırılır. Ölkəmizdə yaranan yeni iqtisadi şərait  büdcə istifadəçilərindən büdcə vəsaitlərinin istifadəsinə çox diqqətli və tarazlı yanaşma tələb edir. Belə bir şəraitdə dövlət maliyyə nəzarət orqanlarının rolu əhəmiyyətli şəkildə artır.

 

Azərbaycan Respublikasının Hesablama Palatası 2016-cı ildə fəaliyyətini Azərbaycan Respublikası Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strategiyaya uyğun olaraq daha da səmərəli təşkil etdilməsi üçün fəaliyyətini gücləndirməkdədir. Maliyyə nəzarətinin istiqamətləri ilə bağlı  Cənab Prezidentin mövqeyi, xüsusilə gəlirlərin artırılması, xərclərin icrasında qənaətlilik və səmərəlilik meyarlarına riayət edilməsi, dövlət əmlakının istifadəsində məsuliyyətin gücləndirilməsi, dövlət satınalmalarının keçirilməsində şəffaflığın və rəqabətliliyin qorunması məsələləri  cari ilin İş Planının icrası zamanı xüsusilə diqqətdə saxlanılmaqdadır. Bu istiqamətdə hörmətli millət vəkillərinin dəyərli tövsiyyələri Hesablama Palatasının gələcək fəaliyyəti və inkişafında xüsusilə əhəmiyyətli hesab olunur.

 

Diqqətinizə görə təşəkkür edirəm.