2016-cı il aprel ayının 5-7-də Bakı şəhərində EUROSAI-ın Fəlakət və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun 2-ci Toplantısı keçirilmişdir
Əlavə olunub: 2016-04-07

2016-cı il aprel ayının 5-7-də Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə EUROSAI-ın (Beynəlxalq Audit Qurumlarının Avropa təşkilatı) Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupunun 2-ci Toplantısı keçirilmişdir.  

 

Toplantıda  13 ölkənin Ali Audit Qurumundan 30 nümayəndə iştirak etmişdir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Hesablama Palatası da daxil olmaqla EUROSAI-ın 9 üzvünün iştirak etdiyi, ilk Toplantısı  Lüksemburq Böyük Hersoqluğunun Lüksemburq şəhərində keçirilən EUROSAI-ın bu İşçi Qrupunun   2-si müşahidəçi   olmaqla 20 üzvü var.

 

  “Fəlakətlə bağlı yardımın auditinə dair təlimatlar: fırıldaqçılıq və korrupsiya riskləri, məlumat əldə edilməsində yeni metodlardan istifadə” mövzusuna həsr olunmuş Toplantıda Palatanın auditoru Vaqif  Həsənov  və  Ukrayna Hesablama Palatasının üzvü, Kənd təsərrüfatı sahəsi, Təbiətin mühafizəsi və Fövqəladə halların auditi departamentinin direktoru xanım Mariya Şuleşko tədbir iştirakçılarını salamlamışlar.

 

İştirakçıların və proqramın gündəliyinin təqdimatından sonra Türkiyə Hesablama Məhkəməsinin  Baş Auditoru xanım Arifə Coşkunun “Fəlakət riskinin azaldılmasının auditində ISSAI 5510-dan necə istifadə etməli?” mövzusunda təqdimatı dinlənilmiş və müzakirə edilmişdir.

 

   İndoneziya Respublikası Audit Şurasının və Ukrayna Hesablama Palatasının məsul əməkdaşları tərəfindən təqdim olunmuş məruzələrdən sonra Niderland Audit Məhkəməsindən Egbert Jongsma “Fəlakətin idarə edilməsinin auditində coğrafi məlumatdan istifadə”  mövzusu ilə  Skype vasitəsilə seminara qoşulmuşdur.

 

Toplantının ilk iş gününün sonunda  tədbir iştirakçıları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olmuşlar.

 

Toplantının ikinci iş günü Azərbaycan Respublikası Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədovun açılış nitqi ilə başlamışdır. 

 

Ukrayna Hesablama Palatasının sədri cənab Roman Maqutanın, İtaliya Hesablama Məhkəməsinin Prezidenti cənab Raffaele Squitierinin açılış nitqindən sonra Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşkonun moderatorluğu ilə Toplantının plenar sessiyası keçirilmişdir.

 

Ukrayna Hesablama Palatası, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Mixaylo Tolstanov “Fevral 2015 – Mart 2016 müddətində İşçi Qrupun fəaliyyəti barədə” hesabat təqdim etmişdir.

 

 Daha sonra Türkiyə, İndoneziya, Ukrayna, Azərbaycan Respublikası, Bolqarıstan, İtaliya, Polşa Ali Audit Qurumlarının məsul əməkdaşları tərəfindən müxtəlif mövzularda təqdimatlar iştirakçıların diqqətinə çatdırılmış, Ukrayna, Belarus və Polşa Ali Audit Qurumları tərəfindən aparılmış “Bug çayının çirklənmədən mühafizəsi üzrə tövsiyələrin tətbiqi ilə bağlı beynəlxalq koordinasiyalı auditlərin ilkin nəticələri” ilə bağlı məruzə müzakirə edilmişdir. Sessiyaya Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşko yekun  vurmuşdur.