Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2016-cı il tarixli plenar iclasında çıxışı
Əlavə olunub: 2016-02-23

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun plenar iclasda çıxışı 

 

Hörmətli Sədr!

Hörmətli millət vəkilləri! Hörmətli hökumət üzvləri və qonaqlar!

 

2016-cı ilin ilk aylarından müşahidə etdiyimiz prosesləri ötən ildən daha da güclənmiş sistemli böhranın davamı kimi qiymətləndirə bilərik. Daha çox siyasi faktorlara əsaslanan iqtisadi dəyişkənlik, o cümlədən neftin qiymətinin  kəskin  və davamlı  olaraq aşağı düşməsi, ABŞ tərəfindən aparılan monetar siyasətin sərtləşdirilməsi, bəzi  ölkələrinin milli valyutalarının dəyərsizləşməsi, şərqdə baş verən silahlı münaqişələrin Avropada müşahidə olunan fəsadları ilə daha da dərinləşmişdir. Bu problemlərin həlli üçün hər bir ölkə öz maliyyə imkanlarına və siyasi iradəsinə əsaslanaraq müxtəlif iqtisadi-siyasi alətləri tətbiq etməkdədir və bir çox ölkələr həmin məqsədlə xərclərin optimallaşdırılması və rasionallaşdırılması ilə bağlı addımlar atmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən  istər daxili, istərsə də xarici iqtisadi siyasət kursunda çevik addımlar atılmış, əhalinin xarici təsirlərdən və manatın məzənnəsinin ucuzlaşmasından müdafiəsi məqsədilə cəmiyyətin gözlədiyi qərarlar verilmişdir.

 

2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmanı zəruri edən qlobal şərtlər  və həmin şərtlərin Azərbaycan Respublikasının iqtisadi  sisteminə təsiri, nəzərdə tutulmuş əsas dəyişikliklər barədə hörmətli Ziyad müəllim və Samir müəllim geniş məlumat verdi. Mən Hesablama Palatasının müvafiq qanunvericiliyin tələblərinə uyğun tərtib etdiyi rəyi diqqətinizə çatdırmaq istərdim.

 

Eyni zamanda, dövlət büdcəsində aparılan dəyişikliklərin və yuxarıda qeyd etdiyimiz faktorların cari ildə əsas makrogöstəricilərə təsiri  həmin göstəricilərin yenidən hesablanmasını da  labüd prosesə çevirmişdir.

 

İlk olaraq dövlət büdcəsinin gəlirləri barədə.

 

Beləliklə, dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş məbləğlə müqayisədə 15,5% və ya 2,256 mlrd. manat artırılmış, 16,822 mlrd. manat məbləğində  nəzərdə tutulmuşdur. Belə ki, gəlirlərdəki artımın 71,6%-i Dövlət Neft Fondundan edilən transfertlərin payına düşür. Eyni zamanda, gəlirlərin artımının 18,1%-nin Vergilər Nazirliyi, 9,7%-nin isə Dövlət Gömrük Komitəsi və 0,7%-i isə digər gəlirlər hesabına formalaşması nəzərdə tutulmuşdur.

 

Təhlil müzakirəyə təqdim edilmiş büdcə gəlirlərinin tərkibində vergi gəlirlərin 7996,0 mln. manat məbləğində və ya cəmi gəlirlərin 47,5%-i qədər proqnozlaşdırıldığını, müvafiq olaraq qeyri-vergi gəlirlərinin 8826,0 mln. manat və ya 52,5% təşkil edəcəyini göstərir.  İlkin təsdiq edilmiş büdcə ilə müqayisədə vergi gəlirləri 7,5%, qeyri-vergi gəlirləri isə 23,8% artımla proqnozlaşdırılmışdır.

 

Dövlət büdcəsinin gəlirlərində ayrı-ayrı mənbələrin artımına gəldikdə isə, büdcə sektorunda əmək haqlarının artırılması, əhalinin gəlirlərinin və orta aylıq əmək haqlarının qorunub saxlanması və məşğulluğun genişləndirilməsi ilə bağlı atılacaq addımlar fiziki şəxslərin gəlir vergisi üzrə təklif olunan proqnozun yerinə yetirilməsi üçün real mənbə rolunu oynayacaq. Bu mənbə üzrə artım məbləği büdcə gəlirlərinin ümumi artımın 5,5%-ni təşkil edir və ilkin təsdiq olunmuş məbləğlə müqayisədə 123,0 mln. manat və ya 12,9% çox proqnozlaşdırılmışdır.

 

Əlavə dəyər vergisi üzrə 307,0 mln. manat və 47,9% artım nəzərdə tutulmuşdur və bu mənbə üzrə artım büdcə gəlirlərinin təklif olunmuş artımının 13,6%-ə bərabərdir. Həmin artımın 127,0 mln. manatı Vergilər Nazirliyi, 180,0 mln. manatı isə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılmışdır. İlkin təyinatla müqayisədə bu mənbədən gəlirlər Nazirlik üzrə 5,7%, Komitə üzrə isə 16,1% artımla nəzərdə tutulmuşdur.

 

Dövlət büdcəsinin xərclərinin artımı barədə.

 

Dövlət büdcəsinin artımın əsas hədəfi büdcə xərclərinin səmərəliliyinin artırılması, valyuta ehtiyatlarına optimal yanaşma, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsidir.

 

Dövlət büdcəsinin yenidən baxılmış xərcləri 13,7% artımla 18495,0 mln. manat məbləğində nəzərdə tutulmuşdur.

 

Ümumiyyətlə, dövlət büdcəsinin təsdiq edilmiş xərclərinə yenidən baxılaraq artırılması zərurətinin səbəblərini də bir neçə istiqamətə bölmək olar. Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxlu sayda fərman və sərəncamlar imzalanmışdır.  Müzakirəyə təqdim edilmiş dövlət büdcəsi xərclərinin artımının əsas hissəsi  məhz sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin təmin olunması məqsədini daşıyır.

 

Yenidən baxılaraq artırılmış xərclərin bir hissəsini isə milli valyutanın məzənnə rejiminin dəyişməsi ilə izah etmək olar. Həmin xərclərə xarici valyutada ödənilməli olan öhdəliklər daxildir.

 

Təqdim edilmiş layihədə xarici borc üzrə ödəniş məbləği 55,5% artımla nəzərdə tutulmuşdur. Xarici borcların ödənişində əsas fərqləndirici cəhətlərdən biri  Dünya  Bankından alınmış kreditlərə görə faizlərin ödənilməsi üzrə ilkin olaraq təsdiq edilmiş xərclərin dövlət büdcəsinin yenidən baxılmış xərclərində  nəzərdə tutulmamasıdır.

 

Büdcə xərclərinin artımlarının üçüncü istiqaməti iqtisadi fəaliyyətin dəstəklənməsi ilə bağlı xərcləri əhatə edir. Bu xərclərə Sahibkarlığa Kömək Milli Fonduna, real sektora verilən müxtəlif növ büdcə ödənişlər aid edilir.

 

Dövlət büdcəsi xərclərinin funksional fəaliyyətin təmin edilməsi baxımından ümumi təhlil etsək,  qeyd etməliyik ki, yalnız “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə azalma proqnozlaşdırılmışdır. Bu bölmə üzrə azalma, eyni zamanda “Ümumi dövlət xidmətləri” bölməsində nəzərdə tutulmuş 26,8% səviyyəsində artım, öz növbəsində xüsusi çəki göstəricilərinə təsir göstərərək yenə də son illərdə ilk dəfə olaraq “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin deyil, “Ümumi dövlət xidmətləri” bölməsinin dövlət büdcəsi xərclərində ən böyük xüsusi çəkiyə malik olması ilə nəticələnmişdir.

 

Yenidən baxılmış dövlət büdcəsinin layihəsində iqtisadi təsnifatın “Sair xərclər” üzrə artımı təqribən 87,0%-dir. “Sair xərclər”in artımı daha çox “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat” və “Əsas bölməyə aid edilməyən xidmətlər” funksional bölmələrində proqnozlaşdırılmışdır.

 

Müşahidə olunan qlobal dəyişkənliyin Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməməsi səbəbindən xərclərin proqnozlaşdırılmasında yaranan çətinliklər də diqqətdə saxlanılmaqla bir xərc maddəsi ilə nəzərdə tutulmuş vəsaitin funksional fəaliyyət istiqamətləri, birdəfəlik təyinatlı blok xərclərinin isə iqtisadi mahiyyəti üzrə  proqnozlaşdırılması, Hesablama Palatasının ötən rəylərində də göstərildiyi kimi, büdcə şəffaflığının yüksəldilməsi istiqamətində məqsədəmüvafiq hesab olunur.

        Hesab edirik ki, 2016-cı ilin büdcə xərclərinin icrası daha şəffaf, xərclər ünvanlı və təyinatlı olmalı, ən nəhayət  xərclərin icrasının nəticəliyi təmin olmalıdır. Bu nəticələr  ÜDM  artımının, inkişafın artımının əsas hərəkətverici qüvvələrindədir.

 

Cənab Prezident tərəfindən dövlət maliyyə nəzarəti orqanları qarşısında çox sərt tələb və tapşırıqlar qoyulmuşdur. Bu tapşırığın icrası maliyyə  inzibatçılığının yüksəldilməsindən, dövlət satınalmalarında şəffaflığın təmin edilməsindən, maliyyə-büdcə sahəsini tənzimləyən normativ bazanın möhkəmləndirilməsindən, vəsaitlərdən istifadənin uçotunun dəqiqliyinin və ciddi hesabatlılığın təmin olunmasından və ən əsası dövlət vəsaitlərinin qənaətli istifadəsindən keçir. Dövlət vəsaitləri üzərində ciddi maliyyə nəzarəti və məqsədyönlü qənaət büdcə xərclərində əlavə maliyyə mənbəyidir.

 

Aparılmış dəqiqləşmələr nəticəsində büdcə xərclərində cari xərclər  18,8% artırılmış (12105,6 mln. manat), əsaslı xərclər 4,4% azaldılmışdır (4614,3 mln.manat). Cari və əsaslı xərclər arasında nisbət ilkin təsdiq olunmuş büdcə ilə müqayisədə yenidən baxılma prosesində daha da artmışdır. Əgər cari xərclərin artımı müzakirə edilən layihədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin üstünlüyü ilə izah olunursa, əsaslı xərclərdə azalma istehsal obyektlərinin əsaslı təmiri və tikililərin inşasında nəzərdə tutulmuşdur. Əsaslı xərclərin tərkib hissəsi olan əsas vəsaitlərin alınmasında isə, əksinə, idxaldan asılı olması nəzərə alınaraq əlavə maliyyə təminatı planlaşdırılmışdır.

 

2016-cı ilin yenindən baxılmış dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclərə 1775,1 mln. manat məbləğində vəsait nəzərdə tutulmuşdur ki, bu da büdcə gəlirlərinin artıq 10,6%-ni təşkil edir.

 

İlkin təsdiq edilmiş dövlət büdcəsinin gəlir və xərcləri ilə müqayisədə yenidən baxılma prosesində gəlirlərin artım tempinin xərclərin müvafiq göstəricini 1,8 faiz bəndi üstələməsi son nəticədə büdcə kəsirinin məbləğini də 1,5% az nəzərdə tutulması ilə nəticələnmişdir. Qanun layihəsində kəsirin maliyyələşmə mənbəyi barədə məlumat verilmişdir. Bu sahədə qeyd ediləsi məqam ondan ibarətdir ki, ilkin büdcə layihəsində maliyyələşmə mənbəyi kimi qeyd olunmuş xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə daxilolmalar (1578,0 mln. manat) yenidən baxılma prosesində çıxarılaraq icmal büdcəyə aid edilmişdir. Müzakirəyə təqdim edilmiş layihədə həmin mənbə kəsirin maliyyələşmə mənbəyi kimi vahid xəzinə qalığı (1390,0 mln. manat və ya büdcə gəlirlərinin 8,3 faizi) məbləği ilə əvəz olunmuşdur.

 

Dövlət büdcəsinin gəlirlərində mövcud potensial imkanlardan maksimum istifadə etməklə, eyni zamanda, vergi və gömrük inzibatçılığının keyfiyyətinin daha da artırılması  proqnoz gəlirlərindən artıq vəsaitin daxil olması, həmçinin büdcə xərclərinə maliyyə nəzarətinin bütün mərhələlərində gücləndirilməsi nəticəsində qənaətin formalaşdırılması fikirlərinə əsaslanaraq  Hesablama Palatası cari ilin sonunda faktiki büdcə kəsirinin planlaşdırılmış səviyyədən az olacağını  ehtimal edir.

 

Qeyd olunanları nəzərə alaraq, Hesablama Palatası Kollegiyası 2016-cı ilin yenidən baxılmış dövlət büdcəsi haqqında Qanun layihəsini Azərbaycan Respublikasının  Milli Məclisində müzakirə və təsdiq olunmasını tövsiyə etmişdir.

 

Diqqətinizə görə təşəkkür edirəm.