Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Aİ-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri xanım Malena Mardı qəbul etmişdir
Əlavə olunub: 2016-01-18

2016-cı il 18 yanvar tarixində Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilmişdir.


Görüşdə Hesablama Palatasının sədri V. Gülməmmədov qarşı tərəfə Palatanın ümumi fəaliyyəti barədə məlumat vermiş, cari dövrdə görülən işlər və qarşıda duran əsas hədəflərlə bağlı prioritet məsələlərə toxunmuşdur. Bununla yanaşı, Palata sədri Hesablama Palatası ilə bağlı qanunvericiliyin daha da təkmilləşdirilməsinin zərurəti, hazırda Azərbaycan Respublikası Milli Məclisinə təqdim olunmuş Hesablama Palatası yeni qanun layihəsinin qəbulu ilə gözlənilən dəyişikliklərin mahiyyəti və tərəfdaş Ali Audit Qurumlarının Palata ilə müxtəlif parametrlər üzrə müqayisəsinin nəticələri barədə məlumatlandırmışdır.

 

Avropa İttifaqının nümayəndə heyətinin üzvü cənab Olaf Heidelbach öz növbəsində Palata ilə birlikdə bu günə kimi keçirilmiş tədbirlər, xüsusilə həyata keçiriləcək Tvinninq layihəsi ilə bağlı gözləntilər barədə görüş iştirakçılarına təfsilatlı məlumat vermişdir.

 

Daha sonra dövlət maliyyə nəzarəti sistemi haqqında fikir mübadiləsi aparılaraq müvafiq Avropa təcrübəsi və respublikada cari vəziyyətlə bağlı müəyyən izahlar və şərhlər səsləndirilmişdir. Həmçinin, Ali Audit Qurumu olaraq Hesablama Palatasında spesifik audit növləri, xüsusilə də səmərəlilik auditi üzrə potensialın formalaşması və bununla əlaqəli milli maliyyə idarəçiliyi sistemindəki nəticəlilik və səmərəlilik göstəricilərinə əsaslanan büdcə tərtibatı istiqamətində inkişaf təşəbbüslərinə olan zərurət barədə müzakirələr  aparılmışdır.

 

Yekun olaraq, Hesablama Palatasının sədri  V. Gülməmmədov Palatanın dayanıqlı inkişafının 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planına əsasən aparıldığını və bu istiqamətdə Palatanın fəaliyyətində informasiya texnologiyalarının tətbiqinin önəmli rol oynadığını qeyd etmiş, Palatanın yeni rəsmi internet səhifəsi ilə və nəzərdə tutulmuş digər tədbirlərlə bağlı məlumat vermişdir.



Görüşün sonunda Avropa İttifaqının nümayəndəliyi Hesablama Palatası ilə gələcək əməkdaşlıq imkanlarının yüksək qiymətləndirildiyini və bu istiqamətdə birgə səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.