Hesablama Palatasının Sədri V.Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 2015-ci il tarixli plenar iclasında çıxışı
Əlavə olunub: 2015-10-13

Hesablama Palatasının sədri V. Gülməmmədovun 2016-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışı

 

Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar!

 

Növbəti il üçün dövlət büdcəsinin əsas parametrlərinə dair Azərbaycan Respublikası Hesablama Palatasının rəyini  diqqətinizə çatdırmaq istərdim.

 

Büdcə layihəsinin formalaşdırıldığı dövrün qlobal iqtisadi vəziyyəti ilə bağlı ilk olaraq vurğulanmalıdır ki, son illər və cari ilin ötən dövründə müşahidə etdiyimiz meyllər qlobal və regional iqtisadi məsələlərin daha çox siyasi maraqlar müstəvisində reallaşdırıldığını göstərir. Təbii ki, bu da əmtəə və maliyyə bazarlarının  proqnozlaşdırılmasını daha da çətinləşən və qeyri-adekvat davranışını formalaşdırmışdır.

 

Qeyd olunan qeyri-müəyyənliklər fonunda isə Azərbaycan Respublikası ölkə başçısı Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafının qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirmiş və beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu bir daha sübut etmişdir.

 

Növbəti ildə ÜDM-in real artım tempi 1,8% nisbətində nəzərdə tutulmuş, makroiqtisadi şəraiti nəzərə almaqla inflyasiya 3,3%, əhalinin gəlirləri 1,2% xərclərinin isə 0,6% artması proqnozlaşdırılır.

 

Dəyişkən qlobal iqtisadi şərait proqnozların tərtibini mürəkkəbləşdirməklə yanaşı  onlara mütəmadi olaraq yenidən baxılması zərurəti yaradır. Bununla belə, “Büdcə zərfi”nə  daxil olan sənədlər növbəti il üçün nəzərdə tutulmuş parametrlərin müşahidə olunan şəraitə adekvat olduğunu və bir qədər ehtiyatlı tərtib edildiyini göstərir. Belə ki, BVF (son oktyabr ayındakı hesabatında) Respublikamiz üçün növbəti ildə ÜDM-in real artım tempi daha optimist yanaşma ilə, 2,5% olmaqla, proqnozlaşdırmış, neftin qiymətinin “Büdcə zərfi”nə 50 ABŞ dolları səviyyəsində daxil edilməsi isə təbii resursla zəngin dövlətlərin və beynəlxalq maliyyə təşkilatlarının yanaşmalarına müvafiqdir.

 

Qeyd edim ki,  “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında”  Qanun layihəsi uyğun olaraq dövlət büdcəsinin gəlirləri 2015-ci ilin gözlənilən icrasından  14,7% az  olmaqla 14566,0 mln. manat məbləğində proqnozlaşdırılmışdır. Gəlirlərin strukturuna baxdıqda, 2016-cıl il üçün dövlət büdcəsi gəlirlərinin tərkibində vergili gəlirləri 7615,0 mln.manat və ya cari illə müqayisədə 4,1% az, digər gəlirləri (və ya qeyri-vergili) ümumilikdə 6951,0 mln. manat və ya cari illə müqayisədə 25,4% az olacağı proqnozlaşdırılmışdır.

 

Növbəti ildə vergi gəlirlərinin proqnozlaşdırılmasına və icrasına təsir edən amillər sırasında iqtisadi faktorlarla yanaşı dövlət büdcəsinə vergi ödəyicilərinin 01.07.2015-ci il tarixə olan 2661,8 mln.manat borc və 1650,8 mln.manat artıq ödəmə məbləğinin olduğunu göstərmək olar.

 

Vergili gəlirlərin əsas payçıları olan- ƏDV, fiziki şəxslərin gəlir vergisi və mənfəət vergisi üzrə nəzərdə tutulmuş məbləğ proqnozlaşdırılan ÜDM-də faiz nisbəti müvafiq olaraq 6,0%, 1,7% və 3,1%- dir ki, bu da beynəlxalq təcrübədə qəbul olunan göstəricilərə demək olar ki, uyğundur.

 

2016-cı il üçün dövlət büdcəsinin ümumi gəlirlərinin ÜDM-ə nisbəti 25,2%, qeyri-neft gəlirlərinin ÜDM-nə nisbəti 11,7%, qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti isə 16,3% səviyyəsində proqnozlaşdırılmışdır.

 

Qeyri-neft gəlirlərinin ÜDM-ə, eləcə də qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-in  nisbətinin dinamikasına təsir edən əsas amillərdən biri ÜDM-in  tərkibində vergidən azad olunan vergitutma bazalarının artmasıdır. Təqdim olunmuş hesabatlara əsasən vergidən azad olma bazalarının ümumi həcmi əvvəlki illə müqayisədə 2014-cü ildə 8,4% artaraq 14,8 mlrd. manat olmuşdur.Orta müddətli iqtisadi-sosial inkişaf  Konsepsiyasında nəzərdə tutulduğu kimi, vergilər üzrə güzəşt və azadolmaların səmərəliyinin qiymətləndirilməsi yolu ilə büdcə-vergi güzəştlərinə yenidən baxılması, onların məhdudlaşdırılması və yaxud ləğv edilməsi istiqamətində tədbirlər büdcə gəlirlərinin mövcud potensialının reallaşdırılmasını təmin edəcəkdir.

 

Təqdim edilmiş “Büdcə zərfi”nə əsasən növbəti ildə mərkəzləşdirilmiş gəlirlər 2015-ci ilin proqnozu ilə müqayisədə 25,8%, yerli gəlirlər isə 8,2% az nəzərdə tutulmuşdur. Respublikanın iqtisadi potensialının güclü olduğu və xüsusilə turizm sektorunun inkişaf etdiyi şəhər və rayonlarında gəlirlərdə respublika üzrə orta göstəricidən 2 dəfə çox azalma vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı regional inkişaf imkanlarının stimullaşdırılmasını aktual məsələyə çevirir.

 

Hörmətli millət vəkilləri və qonaqlar!

 

Dövlət büdcəsinin xərcləri isə növbəti il üçün 16264,0 mln. manat məbləğində olmaqla 2015-cü ilin sonuna gözlənilən icra ilə müqayisədə isə  8,3% az proqnozlaşdırılmışdır.  

Dövlət büdcəsinin funksional istiqamətləri üzrə strukturunu  sosial siyasətin reallaşdırılması, real sektora dəstək, müdafiə və dövlət təhlükəsizliyinin qorunması  və digər dövlət xidmətləri üzrə qruplaşdırsaq, sosial sahədə və ölkənin təhlükəsizlik xərclərində proqnozlaşdırılmış artım dövlətin hər iki sahəni iqtisadi sistemin dəyişkən davranışı fonunda əsas prioritetlərin olduğunu göstərir.

 

Bununla yanaşı, dövlətin sosial məsuliyyətinin icrası növbəti ildə də diqqət mərkəzində saxlanılacaqdır. Belə ki, sosialyönlü xərclər ümumilikdə artımı ilə yanaşı bu xərcləri təşkil edən istiqamətlərin də dövlət büdcəsində xüsusi çəkisi də artacaqdır.

 

Dövlət büdcəsi xərclərinin təkmilləşdirilməsi tədbirlərinin nəticəsi olaraq növbəti ildə bir sıra funksional bölmələrdə ilk dəfə olaraq əməyin ödənişi, subsidiya və transfertlərlə bağlı vəsait nəzərdə tutulmuşdur. Bu amil, həmçinin 2016-ci ildə   üçün sair xərclərin 2015-ci ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə az nəzərdə tutulması, büdcədənkənar gəlirlərin təsnifatında istiqamətlərin konkretləşdirilməsi şəffaflığın təmin olunmasında müsbət addımlardandır.

 

Cari və əsaslı xərclər üzrə konkret nisbətin təyin edilməsi iqtisadi şəraitdən asılı olaraq müəyyən olunur. Növbəti ildə  xərclərin 10188,3 mln. manatı cari, 4826,0 mln. manatı əsaslı xərclərə  proqnozlaşdırılmışdır. 2016-cı ilin büdcəsində əsaslı xərclər 2015-ci ilin proqnoz göstəricisindən 4540,0 mln. manat az nəzərdə tutulmuşdur. Aparılan hesablamalar cari və əsaslı xərclər arasında nisbətin 1,2-dən 2,1 dəfəyə dəyişdiyini göstərir.    

 

Növbəti ilin büdcəsində bəzi cari xərclər üzrə müəyyən kiçik azalmalar nəzərdə tutulmuşdur. Hesab edirik ki, dövlət xidmətlərinin maliyyə məsrəfləri barədə normativlər hazırlamaq və bu normativlər, eləcə də real faktiki xərclər əsasında cari xərclərdə də qənaət əldə etmək olar. Aparılan təhlillər və nəzarət tədbirlərinin nəticələri dövlət büdcəsi xərclərində cari xərclərin azaldılması üçün potensialın olduğunu da göstərir.

 

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevin 2015-ci ilin 9 ayının yekunlarına həsr edilmiş iclasda bütün cari xərclərin qeyri-neft sektorunun, vergi və gömrük ödəmələrinin hesabına formalaşdırılması məsələsini prioritet olaraq müəyyən etmişdir. Bu tapşırığın icra edilməsi məqsədilə  Hesablama Palatası, həm cari, həm də əsaslı xərclərin tərtibi zamanı büdcə xərclərinin əsaslandırılması metodologiyasının təkmilləşdirərək hər bir təşkilatın fəaliyyət istiqaməti üzrə əsas göstəricilərinin hazırlanması və müqayisəli təhlilinin tətbiqini tövsiyyə edir.

 

Büdcə xərclərinin məqsədli proqramlarla uzlaşdırılmsı indiki dövrdə daha aktualdır. Belə ki, bu yanaşma ölkənin sosial-iqtisadi inkişaf göstəriciləri ilə dövlət büdcəsi arasında sıx əlaqəni təmin etməklə yanaşı, xərclərin sistemli tərtibi və icra edilmiş vəsaitlərin səmərəlilyinin qiymətləndirilməsi yolu ilə maliyyə resurslarının reallokasiyasını və yenidən istiqamətləndirilməsini həyata keçirməyə imkan verir.

 

“Büdcə zərfi”nə daxil olan izahata əsasən dövlət büdcəsi təqribən üçdən biri konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə üçün nəzərdə tutulmuşdur. Diqqətə çatdırmaq istərdim ki,  tərəfimizdən bəzi təşkilatlar tərəfindən icra olunacaq proqram və tədbirlər üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü haqqında sorğulara onlar tərəfindən ümumi və ya qeyri-müəyyən izahlar təqdim olunmuşdur.  Hesablama Palatası hesab edir ki, həmin proqram və tədbirlərdə cari ilin maliyyələşmə həcmindən asılı olaraq qarşıya qoyulmuş vəzifələrin müəyyən olunmuş müddətlərdə icrası və bu icradan gözlənilən nəticə indikatorları olmalıdır və bu göstəricilərin mütəmadi olaraq monitorinqi  isə vəsaitlərdən səmərəli istifadə edilməsini təmin etmiş olar.

 

Növbəti ildə investisiya siyasətinin reallaşdırılması məqsədilə Dövlət İnvestisiya Proqramına daxil olan investisiya layihələrinin maliyyələşdirilməsinə  5.705,2 mln.manat vəsait yönəldilməsi gözlənilir. Qeyd edək ki, 2016-cı ilin Dövlət İnvestisiya Proqramında əsasən keçid layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulmuş, bu isə hazırki layihələrin yekunlaşdırılması üçün zəruri xərclər hesab oluna bilər və vəsaitlərdən səmərəli istifadə baxımından əhəmiyyətli yanaşmadır.

 

2016-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi cari ilin proqnoz göstəricisi ilə müqayisədə 36,0 mln. manat çox olmaqla 1698,0 mln. manat məbləğində, dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti  isə 2,9% nəzərdə tutulur.

 

2016-cı il üzrə dövlət büdcəsi kəsirinin dövlət büdcəsi gəlirlərinə nisbəti 11,7%-ə bərabər olacaqdır. Bu indikatorun hesablanmasında məqsəd qarşıdakı ildə büdcə gəlirləri vasitəsilə dövlət borcunun maliyyələşdirilməsi imkanlarının ölçülməsidir. Bu nisbətin 2017-2019-cu illərdə müvafiq olaraq 10,3%, 5,7% və 3,9% nisbətində, başqa sözlə, azalacağı  proqnozlaşdırılmışdır. Dövlət büdcəsi kəsirinin idarə olunan səviyyədə saxlanılmasına nail olmaq son illərdə büdcə-vergi siyasətində müəyyən edilən əsas hədəflərdəndir. Bu əsasda dünya iqtisadiyyatındakı mövcud durumu nəzərə alınaraq ÜDM-in 3%-dən artıq olmamaqla proqnozlaşdırılan büdcə kəsirinin həcmi qoyulan vəzifəyə uyğundur.

 

Eyni zamanda, Hesablama Palatası hesab edir ki, ”Büdcə sistemi” haqqında Qanunda  və Vahid Büdcə Təsnifatında dövlət büdcəsinin kəsirinin maliyyələşmə mənbələrinə  dair müddəaların yenilənməsi də vacibdir.

 

2016-cı il üçün xarici dövlət borcu üzrə ödənişlər 948670,5 min manat, daxili dövlət borcu üzrə ödənişlər isə 301064,6 min manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2016-cı il dövlət büdcəsinin gəlirlərinin təqribən 8,6%-nə, xərclərinin isə 7,7%-ə bərabərdir.  Qeyd edək ki, hər iki göstərici beynəlxalq təcrübədə qəbul edilmiş yuxarı həddən (10%) aşağıdır. 

 

Dövlət borcunun 2015-2016-cı illərdə proqnozlaşdırılan xidmət xərclərinin təhlilinə əsasən qeyd etmək olar ki, bu istiqamətə yönəldilən vəsaitin həcmi 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 473,5 mln manat artmışdır. Müvafiq artım xarici borca xidmət xərci üzrə 35,0% (245,7 mln manat), daxili borca xidmət xərci üzrə isə 4,1 dəfə (227,8 mln manat) təşkil etmişdir.

 

Qeyd edək ki, dövlət borcunun artımı bir sıra təşkilatların öz öhdəliklərini yerinə yetirməməsi ilə izah olunur. Hesab edirik ki, həmin borcların daxili borca xidmət xərci maddəsi ilə yanaşı “Dövlət zəmanəti ilə alınan borcların  Təminat Fondu”na akkumlyasiya olunmuş vəsaitlər hesabına ödənilməsi də dövlət vəsaitlərinin funksional və rasional istifadəsinə xidmət etmiş olar.

 

Hörmətli millət vəkilləri !

 

Hesablama Palatasının rəyində xərclər funksional, inzibati və iqtisadi təsnifat üzrə ətraflı təhlil edilmiş və müvafiq təkliflər irəli sürülmüşdür. Bununla yanaşı, Rəydə Tövsiyyələr də verilmiş və hesab edirik ki, büdcənin tərtibi ilə əlaqədar fəaliyyətdə bu Tövsiyyələr  də faydalı olacaqdır. Eyni zamanda, büdcə vəsaitlərinə səmərəli və qənaətli yanaşmanı təmin etmək üçün hesab edirik ki, büdcə xərcləmələrinin normativ bazasının gücləndirilməsinə ehtiyac vardır və bununla bağlı da Hesablama Palatası Milli Məclisə öz təkliflərini təqdim etmişdir.

 

Beləliklə, qeyd olunanları, həmçinin növbəti ilin dövlət büdcəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq Azərbaycan Respublikasının Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsi ilə bağlı Qanunun qəbul olunmasını  Milli Məclisə tövsiyyə edir.

 

Diqqətinizə görə çox sağ olun!