Hesablama Palatasının Sədri V.Gülməmmədovun Azərbaycan Respublikası Milli Məclisinin bir neçə komitəsinin 1 oktyabr 2015-ci il tarixli birgə iclasında çıxışı
Əlavə olunub: 2015-10-01

Hesablama Palatasının sədri V. Gülməmmədovun 2016-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışı

 

Hörmətli millət vəkilləri və qonaqlar!

 

Çıxış edən hörmətli  hökumət üzvlərinin növbəti ilin dövlət büdcəsinin əsas parametrləri, makroiqtisadi inkişafın gözlənilən meylləri ilə bağlı ətraflı məlumat verdiyini nəzərə alaraq Hesablama Palatasının 2016-cı il üçün dövlətin əsas maliyyə sənədi haqqında fikirlərini diqqətinizə çatdırmaq istərdim.

 

2015-ci ilin ötən dövrü müxtəlif istiqamətli iqtisadi və siyasi proseslər, bu proseslərin doğurduğu ehtimal olunan və gözlənilməz nəticələr, həmçinin bütün bu proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən silahlı münaqişələrin güclənməsi ilə xarakterizə oluna bilər. Bu amillər isə ayrı-ayrılıqda və kompleks şəkildə dünya ölkələrinin iqtisadi inkişafına təsirsiz ötüşməmişdir.

 

Qeyd olunan qeyri-müəyyənliklər fonunda isə Azərbaycan Respublikası ölkə başçısı Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yenə də stabil inkişafının qorunması istiqamətində dayanıqlı siyasətini davam etdirmiş və beynəlxalq aləmdə güvənli tərəfdaş olduğunu bir daha sübut etmişdir. Belə ki, cari ilin ötən dövründə əsas makroiqtisadi parametr olan ÜDM-in real artım tempi qorunub saxlanılmış, 2016-cı il üçün isə bu göstərici 1,8% nisbətində nəzərdə tutulmuş, qeyri-neft sektorunun payının yüksəlməsi, əhalinin gəlirlərinin artması və sosial müdafiə baxımından həssas olan vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı çoxşaxəli tədbirlər proqnozlaşdırılmışdır.

 

Növbəti ilin dövlət büdcəsi ilə bağlı, ilk olaraq, qeyd edək ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 14566,0 mln. manat məbləğində  proqnozlaşdırılmışdır.  Bu, cari ilin sonuna gözlənilən icra ilə müqayisədə 2514,0 mln. manat və ya 14,7% az olsa da,  bu gəlirlərin 46,5%-nin qeyri-neft sahələrindən gəlirlərin təşkil edəcəyi proqnozlaşdırılmışdır. Bu isə 2015-ci il üçün təsdiq edilmiş proqnoz göstəricindən 11,8 faiz bəndi çoxdur.  Dünya əmtəə bazarlarında neftin qiymətinin azalması növbəti ildə 2015-ci ilin  gözlənilən icrası ilə müqayisədə hasilatın pay bölgüsü sazişləri üzrə mənfəət vergisindən daxilolmaların 18,3%, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) üzrə dövlət büdcəsinə daxilolmaların isə 14,0%, eləcə də,  Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin az proqnozlaşdırılmasını şərtləndirmişdir.

 

Ümumiyyətlə, qeyd edək ki, “Büdcə zərfi”ndə növbəti il üçün icmal büdcənin gəlirləri  xam neftin satış qiyməti 1 barrel üçün 50,0 ABŞ dollar  ekvivalentində hesablanmışdır. Hal-hazırda həm iqtisadiyyatı təbii resurslardan asılı, həm də neft idxalatçısı olan ölkələr üçün qarşıdakı dövrdə neftin qiymətinin hansı səviyyədə olacağı ilə bağlı proqnozlar əhəmiyyətli olması ilə yanaşı həm də ciddi müzakirə predmetidir. Müxtəlif qurumların və maliyyə agentliklərinin verdikləri proqnozları ümumilləşdirsək, hesab edirik, orta müddətli dövrdə neftin qiyməti barədə büdcə sənədlərindəki proqnoz göstəricisi məqbuldur və ehtiyatlı yanaşmadır.

 

2016-cı ildə vergili gəlirlərin nəzərdə tutulmuş məbləği cari ilin göstəricisi ilə müqayisədə 4,1% az, digər gəlirlərin  məbləğinin isə 25,4% az olacağı gözlənilir.  2016-ci il üçün Dövlət Neft Fondundan daxilolmalar  2015-cü ilin  gözlənilən icrasına  nisbətən isə 2130,0 mln. manat və ya 26,2% az nəzərdə tutulmuşdur. Digər gəlirlərin  tərkibində Dövlət Neft Fondundan daxilolmalar  daha böyük paya malikdir və həmin gəlirlərin azalma meyli məhz Fond üzrə daxilolmaların azalması ilə şərtlənmişdir. Hesab edirik ki, Dövlət Neft Fondun üzrə vəsaitlərin azalma tendensiyasının ötən illərdən başladığını və bu meylin büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini diqqətə çatdırmaqla, dövlət büdcəsinin neft gəlirlərindən asılılığın azaldılması istiqamətində atılan addım kimi qiymətləndiririk.

   

Büdcə gəlirlərində təkmilləşdirmə işləri növbəti ildə də davam etdirilmişdir. Belə ki, növbəti ildə ötən illərdən fərqli olaraq büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da proqnozlaşdırılmışdır. Bunu müsbət addım kimi qiymətləndirməklə yanaşı hesab edirik ki, məqsədli büdcə fondları üzrə daxilolmaları Qanun layihəsinin 2-ci maddəsində ayrıca mədaxil mənbəyi kimi göstərilməsi büdcə gəlirlərinin şəffaflaşmasına xidmət edər.

 

Hörmətli millət vəkilləri və qonaqlar!

 

Qeyd edək ki, 2016-cı il dövlət büdcəsinin xərcləri 16264,0 mln. manat məbləğində olmaqla 2014-cü ilin icra göstəricisi ilə müqayisədə  13,1%, 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 22,9%, ilin sonuna gözlənilən icra ilə müqayisədə isə  8,3% az proqnozlaşdırılmışdır. Növbəti il üçün dövlət büdcəsinin xərclərinin ÜDM-ə nisbəti 28,2% olması proqnozlaşdırılmışdır ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,1 faiz bəndi azdır.

 

Dövlət büdcəsinin strukturunu dövlətin funksiyalarının həyata keçirilməsi istiqamətləri olaraq sosial siyasətin reallaşdırılması, real sektora dəstək, müdafiə və dövlət təhlükəsizliyinin qorunması ilə bağlı və digər dövlət xidmətləri üzrə qruplaşdırsaq, sosial sahədə və ölkənin təhlükəsizlik xərclərində proqnozlaşdırılmış artım dövlətin hər iki sahəni iqtisadi sistemin dəyişkən davranışı fonunda əsas prioritet olduğunu göstərir.

 

Zərfə daxil edilmiş məlumatlara əsasən, 2016-cı ildə Dövlət İnvestisiya Proqramının istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə 5705,2 mln. manat vəsait nəzərdə tutulmuşdur. Müvafiq mərkəzi icra hakimiyyəti orqanının təqdim etdiyi məlumatlara əsasən  proqnozlaşdırılmış vəsaitin əsasən keçid layihələrə yönəldilməsi nəzərdə tutulur və 78 obyektin təhvil verilməsi gözlənilir. İnvestisiya xərclərinin həcminin dövlətin uzunmüddətli strateji sənədlərində öz əksini tapan hədəflərə nail olunması məqsədilə müəyyən edildiyini nəzərə alaraq, yalnız keçid layihələrinin maliyyələşdirilməsinin nəzərdə tutulmasını daha çox obyektlərin başa çatıdırılması yolu ilə vəsaitlərin istifadəsinə səmərəli yanaşma kimi qiymətləndirə bilərik.

 

Növbəti ildə dövlət büdcəsi xərclərinin funksional bölmələrinin tərkibi təkmilləşdirilmiş, bir sıra bölmələrdə əməyin ödənişi, subsidiya və transfertlərlə bağlı ilk dəfə olaraq vəsait nəzərdə tutulmuşdur. Dövlət büdcəsi xərclərinin istiqamətlərinin konktretləşdirilməsi məqsədini daşıyan bu faktorla yanaşı şəffaflığın yüksəldilməsi istiqamətində sair xərclərinin azalma meylini də  vurğulamalıyıq.

 

Növbəti ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698,0 milyon manat və ya ÜDM-ə nisbəti  2,9% təşkil edəcəyi nəzərdə tutulur. Qanun layihəsində kəsirin maliyyələşmə mənbəyi olaraq özəlləşdirmədən, xarici və daxili borclanmadan daxilolmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı göstərilmişdir. Kəsirin maliyyələşdirilməsi mənbələri ilə bağlı  qeyd etmək lazımdır ki, dövlət əmlakının özəlləşdirilməsindən daxil olan vəsait 2016-cı ilin dövlət büdcəsi layihəsində 100000,0 min manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilin müvafiq icra göstəricisindən  3,1 dəfə, 2015-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən isə 3,4 dəfə çoxdur. Sizlərə məlumdur ki, sonuncu dəfə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə bu həcmdə vəsait 2008-ci ildə daxil olmuşdur.

 

Büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri olaraq özəlləşdirmədən daxilolmaların həcminin ötən illərə nisbətən təqribən 3,4 dəfə artımla proqnozlaşması bu barədə müvafiq məlumatların (hesablamalar, izahatlar) - özəlləşdirməyə planlaşdırılan obyektlərin siyahısının, bu müəssisələrin nizamnamə kapitalındakı dövlət payının məbləği, özəlləşdirilən əmlakın növlər üzrə bölgüsü və əvvəlki illərdən özəlləşdirmədən daxilolmalar üzrə qalıq borcları barədə hesablamaların da  “Büdcə zərfi”nə daxil edilməsini zərurətə çevirir.  

 

Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 2016-cı ilin dövlət büdcəsi layihəsində 1249,7 mln. manat məbləğində nəzərdə tutulmuşdur. Həmin məbləğin 2016-cı il dövlət büdcəsinin gəlirlərinin təqribən 8,6%-ni, xərclərinin isə 7,7%-ni təşkil edəcəyi proqnozlaşdırılır.

 

Dövlət borcunun 2015-2016-cı illərdə proqnozlaşdırılan xidmət xərclərinin təhlilinə əsasən qeyd etmək olar ki, bu istiqamətə yönəldilən vəsaitin həcmi 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 473,5 mln. manat artmışdır. Xarici borca xidmət xərci üzrə artım 245,7 mln. manat məbləğində olmaqla 35,0% çox, daxili borca xidmət xərci üzrə artım isə 227,8 mln. manat məbləğində olmaqla 4,1 dəfə çox nəzərdə tutulmuşdur.  

 

Xarici dövlət borcu üzrə ödənişlərdə 2015-ci ilə nisbətən artım əsasən 58,5% təşkil etməklə əsas borc ödənişləri üzrədir, faiz ödənişlərində isə əksinə 10,7%-ə qədər azalma  planlaşdırılır.

 

Daxili  dövlət borcu üzrə həm faiz ödənişlərində 2,2 dəfə artım, əsas borc ödənişlərində isə 204,4 mln. manat və ya 4,9 dəfə artım nəzərdə tutulmuşdur. Daxili borc üzrə artım dövlət zəmanəti ilə Mərkəzi Bankdan  kredit alan təşkilatların öz öhdəliyinin yerinə yetirə bilməməsi kimi izah edilir.

 

Dövlət büdcəsinin layihəsində 2016-cı il üçün Azərbaycan Respublikasının daxili dövlət borcunun yuxarı həddi (limiti) 2500,0 milyon manat, xarici dövlət borcunun yuxarı həddi (limiti) 1500,0 milyon manat müəyyən edilmişdir ki, nəzərdə tutulmuş limit məbləğləri daxili borc üzrə cari illə müqayisədə çox, xarici borc üzrə isə sabitdir.

 

Beləliklə, ümumiləşmə apararaq, həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının növbəti ildə də davam etdiriləcəyini və 2016-cı ilin dövlət büdcəsinin də bu məqsədlərə nail olunması istiqamətində formalaşdırıldığını vurğulamaqla Hesablama Palatası Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarının tələblərinə uyğun hazırlandığını və təqdim edildiyini nəzərə alaraq Qanun layihəsinin Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsini tövsiyə edir.

 

Diqqətinizə görə təşəkkür edirəm!