Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədov “Milli Məclis” analitik informasiya jurnalına müsahibə vermişdir
Əlavə olunub: 2015-12-29

Sual 1. Vüqar müəllim, 2016-cı ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə Hesablama Palatasının bu istiqamətdə rəyi də dinlənildi. Belə bir rəyin hazırlanması dünya təcrübəsində nə dərəcədə tətbiq edilir?

 

Cavab. Hesablama Palatası dövlət vəsaitlərinin icrasına bir neçə istiqamət üzrə nəzarət edir. Dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı rəylər həmin istiqamətlərdən biridir. Palatanın audit fəaliyyəti isə icra prosesinin nəticələrini əhatə edir. Dövlət büdcəsinin layihəsinə Hesablama Palatanın rəyində son illərin meylləri və mövcud makroşərait diqqətdə saxlanılmaqla növbəti il üçün nəzərdə tutulmuş vəsaitlərin həcminin müəyyən edilmiş məqsəd və prioritetlərə uyğunluğu təhlil edilir.

 

Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) qəbul etdiyi Auditin Təməl Prinsipi – Lima Bəyannaməsində qeyd olunmuşdur ki, Ali Audit Qurumu (AAQ) tərəfindən ilkin auditin keçirilməsi hər bir ölkənin hüquqi şəraiti və şərtləri, o cümlədən tələbləri ilə təyin olunur. Sonrakı audit isə ilkin auditin keçirilib-keçirilməməsindən asılı olmayaraq AAQ-ın vəzifəsidir. Dünya ölkələrinin təcrübəsinə nəzər salsaq, AAQ-ların əsasən dövlət büdcəsinin icrası ilə bağlı rəy hazırladığını görərik. Büdcə layihəsinə rəyin hazırlanması post sovet məkanına daxil olan ölkələrdə daha populyardır, Rusiya Federasiyasının, Ukraynanın, Moldovanın AAQ-ları büdcə layihəsi ilə bağlı rəylərini tərtib edirlər. Bəzi  ölkələrdə, məsələn Türkiyədə, növbəti ilin büdcə layihələrinin müzakirəsi zamanı başa çatmış il və cari ilin ötən dövrü üzrə dövlət büdcəsinin icrasına dair AAQ-ların rəylərinin dinlənilməsi və nəzərə alınması təcrübəsi daha geniş yayılmışdır.   

 

Sual 2. Hesablama Palatasının rəyləri millət vəkilləri və ictimaiyyətin diqqət mərkəzində olur. Sonuncu rəyi digərlərindən nə fərqləndirir?

 

Cavab. Palata hər il fəaliyyətinin əhəmiyyətli parçası olan bu rəyləri həm texniki cəhətdən, həm də məzmun baxımından təkmilləşdirməyə çalışır. Bir tərəfdən, rəylərin tərtibinin informasiya qəbul edilməsi baxımından asanlaşdırılması, digər tərəfdən isə əhatənin tam və ətraflı olması ilə bağlı addımlar atılır. Rəydə nəinki büdcə parametrlərinin təhlili və makromühitə adekvatlığı, eyni zamanda, “Büdcə zərfi”ndə göstərilməyən və ya az məlumat verilən gəlir və xərc istiqamətləri üzrə əlavə informasiya təqdim olunur. Sonuncu rəydə isə ilk dəfə olaraq Palata tərəfindən növbəti ilin dövlət büdcəsi üzrə aparılmış təhlillər və həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələr əsasında tövsiyələr də əks etdirilmişdir.

 

Sual 3. Palatanın sonuncu rəyində əks etdirdiyi tövsiyələr hansı istiqamətləri əhatə etmişdir?

 

Cavab. Palatanın 2016-cı il dövlət büdcəsinin layihəsi ilə bağlı rəyində “Büdcə zərfi”nə daxil olan məlumatlara, həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə və mövcud məlumat bazasına əsaslanmaqla 15 tövsiyə yer almışdır. Bu tövsiyələrin bir qismi dövlət büdcəsinin gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında nəzərə alınması zəruri olan və icrasına təsir edən amillərlə bağlıdır. İkinci qrup tövsiyələr büdcədənkənar fəaliyyəti əhatə edir. Nəhayət, bəzi normativ-hüquqi aktların təkmilləşdirilməsi, o cümlədən “Büdcə zərfi”nin məlumatlılığının artırılması istiqamətində tövsiyələr də buraya daxil edilmişdir.

 

Sual 4. Rəydə dövlət büdcəsinin gəlirləri,  xüsusilə artım potensialı ilə bağlı bir sıra təkliflər var. Palata hansı mənbələr üzrə artım potensialını müəyyən etmişdir?

 

Cavab. Palata rəyini tərtib edərkən bir neçə istiqamətdə amilləri, o cümlədən büdcə layihəsinin tərtib edildiyi dövrdə dünyada müşahidə edilən iqtisadi prosesləri, ötən bir neçə ilə üzrə dövlət büdcəsinin parametrlərini, həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrini və statistik məlumatları nəzərə alır. Qeyd edilən parametrlər əsaslı təkliflərin hazırlanmasına xidmət edir. 2016-cı ilin dövlət büdcəsi ilə bağlı təqdim edilmiş məlumatlar və mövcud yanaşma bir sıra mədaxil mənbələri üzrə artım potensialının mövcud olması fikrinə yürütmək imkanı verir. Belə ki, son dövrdə təsdiq edilmiş məbləğ və icra göstərici arasında nəzərəçarpacaq fərqlər mənfəət vergisi, cari ilin 9 ayı üzrə vergitutma bazası ilə bağlı mövcud statistik məlumatlar, eyni zamanda Azərbaycan Respublikası Vergilər Məcəlləsinə aparılan son dəyişikliklər sadələşdirilmiş vergi və aksiz vergisi üzrə proqnozların artıqlanması ilə icra ediləcəyini göstərir.   

 

Sual 5. Məruzənizdə Dövlət Proqramlarına xüsusi diqqət yetirdiniz.

 

Cavab. Dövlət büdcəsinin proqramlar və tədbirlər üzrə tərtibi dünya ölkələrinin təcrübəsində geniş yayılmışdır. Müasir şəraitdə belə yanaşma bir neçə istiqamət üzrə xüsusilə əhəmiyyətlidir. Belə ki, dövlət proqramları və tədbirlərin tərtibi prioritet məqsədlərin sistemli şəkildə reallaşdırılmasına xidmət edir. Dövlət büdcəsinin bu istiqamətlər üzrə tərtibi isə bir tərəfdən maliyyə təminatı və məqsədləri uyğunlaşdırmaqla yanaşı, digər tərəfdən vəsaitlərin qənaətli və səmərəli istifadəsini təmin edir. Bu istiqamətdə ilk addım proqramların tərtibi zamanı məqsəd-nəticə indikatorlarının təsdiq olunması, həmçinin hər bir addım üçün zəruri vəsaitin məbləğinin müəyyən edilməsidır. İcra prosesində və proqram başa çatdıqdan sonra bu göstəricilər nəticəlilik və səmərəliliyin qiymətləndirilməsinə, həmçinin maliyyə resurslarının yenidən paylanmasına imkan verir.  Hal-hazırda dövlət proqramları üzrə qeyd edilmiş istiqamətlərlə bağlı “Büdcə zərfi”nə daxil olan məlumatlar məhduddur və əlavə məlumatların zərfə əlavə edilməsi parlament nəzarətinin güclənməsinə xidmət edər.

 

Sual 6. Son dövrdə ən çox müzakirə olunan makrogöstərici dövlət borcu ilə bağlıdır. Respublikamızda növbəti il üçün bu parametrlə bağlı proqnozlar hər hansı təhlükənin mövcudluğunu göstərirmi?

 

Cavab: Düz qeyd etdiniz, indi dövlət borcu ilə bağlı məsələlər diqqət mərkəzindədir. Kəskin borclanma ilə üzə-üzə qalan və texniki defolt elan edən bir neçə ölkə mövcuddur və davam edən böhran bu ölkələrin sayının artmasına şərait yaradacaq. Cari il və növbəti il üçün məlumatlar respublikamızda dövlət borcunun artım dinamikasını göstərsə də, vəziyyət qəbul edilmiş standartlar çərçivəsində qənaətbəxşdir. Belə ki, 2016-cı il üzrə dövlət borcunun ÜDM-ə nisbəti 3%-dən az olmaqla proqnozlaşdırılmışdır. Dövlət büdcəsi kəsirinin büdcə gəlirlərinə nisbəti 2016-cı il üçün 11,7% səviyyəsindən 2019-cu il üçün 3,9%-dək azalma ilə proqnozlaşdırılması da, öz növbəsində, gələcəkdə dövlət borcunun maliyyələşdirilməsində problemlərin olmayacağını göstərir. Bununla belə, hesab edirik ki, borc yükünün mümkün risklərinin qiymətləndirilməsi və dövlət zəmanəti ilə kredit almış icraçı təşkilatların borc siyasətinə vaxtında təsir və müdaxilə zəruridir.  

 

Sual 7. Ümumiyyətlə, 2016-cı ilin dövlət büdcəsini hansı meyllərlə xarakterizə etmək olar?

 

Cavab. İlk olaraq dövlət büdcəsinin cari ilin sonuna gözlənilən icra göstərici ilə müqayisədə növbəti ildə 8,3% az olmaqla proqnozlaşdırıldığı qeyd edilməlidir. Məcmu xərclərin azalması fonunda isə müəyyən edilmiş prioritet sahələrə vəsaitlər artımla nəzərdə tutulmuşdur. Başqa sözlə, sosial sahələrə ayrılan cəmi vəsaitlər, həmçinin dövlətin müdafiə ilə bağlı xərcləri növbəti il üçün cari illə müqayisədə artımla proqnozlaşdırılmışdır. Real sektora ayrılan xərclərdə azalma gözlənilir, lakin bu azalma dövlət əsaslı vəsait qoyuluşları ilə bağlıdır. Yeri gəlmişkən, dövlət büdcəsinin investisiya xərclərində nəzərdə tutulmuş azalma yeni layihələrin proqnozlaşdırılmaması ilə izah oluna bilər. Belə ki, 2016-cı ilin dövlət investisiya proqramında yalnız keçid layihələr yer almışdır. Ümumiyyətlə, növbəti ilin dövlət büdcəsi tam mənada sosialyönümlü büdcədir və dövlət büdcəsinin 2016-cı il üçün nəzərdə tutulmuş 10188,3 mln. manat məbləğində cari xərclərinin 57,6%-ni sosialyönlü xərclər təşkil edəcək ki, bu fakt yuxarıda qeyd olunanları bir daha təsdiqləyir.

 

Sual 8. Hesablama Palatası dövlət büdcəsi ilə yanaşı Dövlət Sosial Müdafiə Fondunun büdcəsi ilə də bağlı rəyini təqdim etmişdir və bu rəy hansı məqamları diqqətdə saxlamışdır?

 

Cavab. İlk olaraq qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu –DSMF – dövlətin sosial siyasətinin mühüm blokunu həyata keçirən büdcədənkənar fonddur. 2016-cı ildə dövlət büdcəsinin azalması fonunda Fondun gəlir və xərcləri artımla nəzərdə tutulmuşdur və bu, əhalinin sosial rifahının qorunması məsələsinin həmişə dövlətin prioriteti olduğunu göstərir.   DSMF-in növbəti il büdcəsi ilə bağlı rəyə gəldikdə isə, qeyd edim ki, son dövrdə dövlət büdcəsindən transfertlərin Fondun büdcəsində iştirak payı aşağı düşür və bu, Palata tərəfindən müsbət meyl kimi qiymətləndirilmişdir. Bununla belə,  Fondun rayon və şəhər şöbələrində həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yığımların artırılması potensilının mövcud olduğunu deməliyəm. Növbəti ildə DSMF-in xərclərində əhaliyə ödənişlər 97,8% təşkil edəcək və cari illə müqayisədə bu, 1% çoxdur. Palata mövcud məlumatların təhlili əsasında Fond tərəfindən əhaliyə ödənilən bir sıra müavinətlər, məsələn hamiləlik və doğuma görə və ya dəfn üçün müavinətin bir qədər çox artımla proqnozlaşdırıldığı qənaətindədir. Fondun büdcəsinə dair sonuncu rəyin strukturu bir qədər təkmilləşdirilmiş, Palatanın təklif və tövsiyələri əks etdirilmişdir.       

 

Sual 9. Sonuncu qeyd etdiyiniz istiqamət - “Büdcə zərfi”nin məlumatlılıq səviyyəsinin yüksəldilməsi – nə üçün zəruridir?

 

Cavab. İldən-ilə “Büdcə zərfi”nə daxil edilən məlumatların həcmi və strukturu təkmilləşdirilir. Bu, şəffaflığın təmin edilməsinə mühüm töhfədir. Eyni zamanda, Palata, yığım əmsalının, bir sətirlə verilən xərclərin (əsaslı vəsait qoyuluşu, beynəlxalq və respublika səviyyəli tədbirlər və s.) ilkin bölgüsünün, yeni, kəskin azalma və kəskin artımla nəzərdə tutulmuş xərclərlə bağlı məlumatların, vahid xəzinə hesabının ilin əvvəlinə qalığının (sərbəst qalıq) istifadəsi, o cümlədən, banklarda yerləşdirilmiş depozitlər üzrə məlumatların, Dövlət Zəmanəti ilə Alınan Borcların Təminat Fondunun vəsaitlərinin istifadəsi ilə bağlı məlumatların, icra edilən və qəbul edilməsi gözlənilən dövlət proqramları üzrə müvafiq məlumatların növbəti illərin “Büdcə zərf”nə daxil edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu, yuxarıda qeyd etdiyim ki, şəffaflığın yüksəldilməsi ilə yanaşı, həmçinin Palatanın təqdim etdiyi rəylərində məzmunluluğunu artırar. Son nəticədə isə, bu tədbirlər maliyyə inzibatçılığının möhkəmlənməsinə xidmət edər.