Azərbaycan Respublikası Hesablama Palatasının sədri V. Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti EUROSAI-ARABOSAI təşkilatlarının 5-ci Birgə Konfransında iştirak etmişdir
Əlavə olunub: 2015-12-09

 

2015-ci il 7-9 dekabr tarixlərində Qətərin paytaxtı Doha şəhərində Ali Audit Qurumlarının (AAQ) Avropa və ərəb ölkələri üzrə regional təşkilatlarının 5-ci Birgə Konfransı keçirilmişdir. 35 ölkəni əhatə edən Konfransda Azərbaycan Respublikası Hesablama Palatasını Sədr Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

 

                                                     

 

EUROSAI və ARABOSAI təşkilatlarının bu Konfransı maliyyə böhranı risklərinin qiymətləndirilməsi və burada AAQ-ların artan rolu kimi məsələlərə həsr edilmişdir. Birgə Konfransın iclasları üç gün ərzində “Böhrandan çıxış planlarının icrasının monitorinqində AAQ-ların rolu” və “Maliyyə böhranı riskinə qarşı xəbərdarlıq etməkdə AAQ-ların gələcək rolu haqqında anlayışlar” alt-mövzuları üzrə Müzakirə Panelləri şəklində təşkil olunmuşdur.

 

Açılış mərasimində Qətər Dövlətinin Baş Naziri Ə.H. Abdulla bin Nəsir bin Xalifa Əl Tani, Qətər Dövlət Audit Bürosunun Prezidenti Ə.H. Şeyx Bəndər bin Məhəmməd bin Səid Əl Tani, ARABOSAI təşkilatının Prezidenti, Küveyt Dövlət Audit Bürosunun rəhbəri Adil Əbdüləziz Əl Səravi çıxış etmiş, həmçinin INTOSAI və EUROSAI təşkilatlarının rəhbər qurumlarının salamlama məktubları oxunmuşdur.

 

Hesablama Palatasının Sədri V. Gülməmmədov “Maliyyə böhranı riskinə qarşı xəbərdarlıq etməkdə AAQ-ların gələcək rolu haqqında anlayışlar” mövzusu üzrə müzakirələrdə natiqlərdən biri olmuşdur. Palata Sədri maliyyə hesabatlılığının artırılmasının və maliyyə inzibatçılığının gücləndirilməsinin maliyyə böhranlarının əhatə miqyasına təsir göstərdiyini, bunun isə, öz növbəsində, AAQ-ların fəaliyyətinin gücləndirilməsi və potensialının artırılmasını  zəruri etdiyini qeyd etmiş, INTOSAI standartlarının və BMT qətnamələrinin bu sahədə əhəmiyyətini vurğulamışdır. Çıxışda, həmçinin, dövlət borcunun dayanıqlılığının qiymətləndirilməsində və Əsas Milli Göstəricilərinin təhlilində AAQ-ların artan rolu barədə fikirlər diqqətə çatdırılmışdır.

 

                                                       

 

Ümumi müzakirələrin yekunu olaraq Konfransın son bəyanatının layihəsi hazırlanmış və qəbul olunmuşdur.

 

Konfrans çərçivəsində V. Gülməmmədov Ukrayna Respublikası Hesablama Palatasının Sədri Roman Maquta ilə görüşmüş, birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunmuşdur.

 

Xatırladırıq ki, EUROSAI və ARABOSAI təşkilatlarının ötən 4-cü Birgə Konfransı Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə 2013-cü ildə Bakı şəhərində baş tutmuşdur.