Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibə: Nəzarət tədbirlərinin nəticələrinin açıqlanması şəffaflığın yüksəldilməsinə xidmət edən addım və maliyyə inzibatçılığının güclənməsində preventiv tədbirdir
Əlavə olunub: 2015-08-07

Sual 1. Vüqar müəllim, Hesablama Palatası ötən ildən başlayaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada illik fəaliyyəti ilə bağlı hesabatdan əlavə olaraq 6 ay ərzində həyata keçirilmiş nəzarət tədbirləri üzrə də məlumatlar təqdim edir. Bəs yarımillik hesabat dövrünün nəticələrini ümumiləşdirsək, hansı məqamları qeyd etmək olar?

 

Cavab: İlk olaraq qeyd edim ki, cari ilin birinci yarısında 34 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul edilmiş və bu tədbirlər 2012-2014-cü illər üçün dövlət büdcəsi xərclərinin müxtəlif dövrlər üzrə icrasını əhatə etmişdir. Həyata keçirilən nəzarət tədbirlərinin nəticələri əvvəlki audit tədbirlərində müşahidə olunan meyllərin və rast gəlinən nöqsanların hələ də təkrarlandığını göstərir. Belə ki, dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələblərinin bu və ya digər aspektlərdən pozulması halları, demək olar ki, bütün nəzarət obyektlərinə xas olmuşdur. Həmçinin vəsaitin təyinatının dəyişdirilərək icra edilməsi halı da ən çox rast gəlinən meyllərdəndir. Qeyd edim ki, bu hal təkcə xərclərin iqtisadi təsnifat kodunun dəyişdirilməsini deyil, həmçinin, vəsaitin funksional fəaliyyətə aid olmayan tədbirlərə yönəldilməsini nəzərdə tutur. Eyni zamanda, cari ilin ilk 6 ayı üzrə əldə edilmiş nəticələrə görə təmir-tikinti ilə bağlı fəaliyyətin təmin edilməsi zamanı yol verilmiş nöqsanlar dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin tərkibində ən böyük xüsusi çəkiyə malik olmuşdur. Biz Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair Hesabatın təqdimatı zamanı da qeyd etmişdik ki, tikintidə müqavilə qiymətinin hal-hazırkı müəyyən edilmə qaydası dəyişdirilməlidir, belə ki, bu metodikada artıq xərclərin yaranması riski mövcuddur. Ümumiyyətlə, büdcə xərcləmələrinə dair bəzi normativ bazanın gücləndirilməsinə ehtiyac vardır.

 

Sual 2: Hesablama Palatasının fəaliyyəti ilə bağlı diskussiyalarda bəzən  Palatanın fəaliyyətinə dair informasiyanın kifayət qədər olmaması qeyd edilir.

 

Cavab: Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında müstəqillik, obyektivlik, kollegiallıq, şəffaflıq, ədalətlilik və peşəkarlıq prinsipləri Palatanın fəaliyyətinin əsas prinsipləri kimi göstərilmişdir və Palata öz fəaliyyətində həmişə bu prinsipləri rəhbər tutmuşdur. Bir faktı qeyd edim ki, mərkəzi və yerli dövlət orqanlarının onlayn şəffaflıq vəziyyəti ilə bağlı aparılmış son monitorinqin nəticələrinə görə Palata 73 mərkəzi dövlət orqanı arasında 7-ci yerdədir və bu, əvvəlki nəticədən 6 pillə irəliləmə deməkdir. Hərçənd ki, biz bu göstərici ilə də razı deyilik,  hesab edirik ki, daha dəqiq araşdırma aparılmalı idi.

 

Hesablama Palatasının özünün fəaliyyətinin illik nəticələri ilə yanaşı 6 ay üzrə məlumat təqdim etməsində də əsas məqsəd ictimaiyyətin Palata və onun yerinə yetirdiyi funksiyalar barədə daha çox məlumatlandırılmasıdır.

 

Qeyd edim ki, Palata öz rəsmi saytı vasitəsilə büdcəsinin icrasına dair ətraflı rüblük məlumatlar təqdim edir. Eyni zamanda, Hesablama Palatasının hesabatları dövlət büdcəsinə dair çox dəyərli informasiya mənbəyidir, 2014-cü ilin dövlət büdcəsinin icrasına və Palatanın fəaliyyətinə dair saytımızda rəy və hesabat geniş şəkildə təqdim edilmişdir, müntəzəm olaraq başa çatmış audit tədbirləri üzrə Kollegiya iclasları ilə bağlı informasiyalar  dərc edilir.

 

Təbii ki, şəffaflığın təmin edilməsində vacib şərtlərdən biri də dövlət vəsaitlərinin icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinin açıqlanmasıdır. Hal-hazırda Palatanın rəsmi saytının yeni variantı üzrə işlər yekunlaşma ərəfəsindədir. Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların dərci ilə bağlı artıq müəyyən tədbirlər planı hazırlanmışdır və bu istiqamətdə addımlar atılmaqdadır. Məlumatlar, forma və məzmunu ilə bağlı Hesablama Palatasının Kollegiyasının müvafiq Qərarından sonra tezliklə saytda yerləşdiriləcəkdir.

 

Sual 3. Cari ili 6 ayı üzrə təqdim edilmiş məlumatda 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirlərinin həyata keçirildiyi qeyd olunmuşdur. İntizam tədbirlərinin verilməsi ilə bağlı proseslər necə tənzimlənir?

 

Cavab: Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlılığın artırlmasıdır. Bunlar isə, öz növbəsində, dövlət vəsaitlərinin istifadəsində qənaətlilik, səmərəlilik və nəticəliliyin yüksəldilməsinə xidmət edir. Bu baxımdan, nəzarət tədbirləri ilə bağlı görülmüş tədbirlərin də qayəsini məhz bu prinsiplər təşkil edir. Yol verilmiş nöqsanlar nəticəsində vəsaitlərin müvafiq qanunvericiliyə uyğun olaraq audit obyektləri tərəfindən bərpa edilməsi, işlərin və xidmətlərin görülməsi fəaliyyətin əsas göstəriciləridir. Bununla yanaşı, maliyyə inzibatçılığının pozulmasına yol vermiş vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirləri, digər nəticə göstəriciləri kimi,  qurumlar tərəfindən atılan addımlardandır. Mövcud Qanun Palata tərəfindən yalnız korrupsiya ehtimalı olan faktlara görə materialların hüquq-mühafizə orqanlarına göndərilməsini tələb edir. Audit tədbirlərinin nəticələrinə görə Hesablama Palatası, bütün hallarda, müvafiq Kollegiya Qərarında günahkar şəxslərin ciddi cəzalandırılmasına, qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsinə dair tələb qoyur. Lakin bu şəxsə hansı inzibati cəzanın verilməsi audit olunan struktur vahidinin rəhbərinin və mərkəzi icra hakimiyyətinin səlahiyyətlərinə aiddir.

 

Qeyd edim ki, intizam-tənbeh tədbirləri, dövlət vəsaitlərinin müvafiq qaydada icra olunmasında nöqsanlara yol vermiş şəxslərin cəzalandırılmasıdırsa, ikinci bir tərəfdən, bu, oxşar nöqsanlara yol verilməməsi  baxımından preventiv addımdır.

 

Sual 4: Palata nəzarət funksiyasını yerinə yetirir. Nəzarət isə ilk olaraq  hərtərəfli məlumat əldə edilməsini tələb edir.

 

Cavab: Tamamilə doğrudur. Qeyd edim ki, mövcud qanunvericilik aktları bu istiqamətdə Palatanın səlahiyyətlərini təmin etməkdədir. Belə ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının bütün qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, mülkiyyət, təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisələr, təşkilatlar, idarələr və onların vəzifəli şəxsləri Hesablama Palatasının müraciətləri əsasında qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərinin yerinə yetirilməsi üçün ona zəruri olan məlumatları bir ay müddətindən gec olmayaraq verməlidirlər və vəzifəli şəxslər bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Eyni zamanda, diqqətə çatdırım ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə Hesablama Palatasının üzvləri dövlət sirri təşkil edən məlumatlarla işləmək hüququna malikdirlər və bu məlumatları müvafiq yoxlamalara məruz qalmadan əldə etmək imkanlarına malikdirlər. Palatanın vəzifəli şəxsləri həmin Qanunun 21-ci maddəsi ilə müvafiq qaydada dövlət sirri təşkil edən məlumatları əldə edə bilirlər.

 

Praktikada bəzən tələb olunan məlumatların  tam və vaxtında verilməməsi halları olur. Lakin Palatanın tələb olunan hesabat və məlumatların alınmasında problemi yoxdur. Diqqətə çatdırmaq istərdim ki, hesabatlılıq maliyyə nəzarəti üçün əsas şərtdir.

 

Bununla belə, dövlət vəsaitlərinin istifadəsi ilə bağlı  ölkə başçısı tərəfindən müəyyən edilmiş meyarları, eyni zamanda, müasir dövrün çağırışlarını və beynəlxalq standart və təcrübələri əsas götürərək Palatanın məlumat əldə etməklə bağlı səlahiyyətləri onun fəaliyyətini tənzimləyən yeni qanun layihəsində bir qədər də genişləndirilmişdir. 

 

Sual 5: Son dövrlərdə müşahidə edilən qlobal makroiqtisadi şərait dövlət büdcəsi vəsaitlərinin daha qənaətli və səmərəli icrasını tələb edir. Bu istiqamətdə  fikirlərinizi bölüşmənizi  istərdik.

 

Cavab: Mövcud siyasi-iqtisadi vəziyyət büdcə xərclərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılmasını, orta müddətli dövrdə büdcənin balanslaşdırılmasını diqtə edir.

 

Cari dövrün xüsusilə həssas bir dövr olduğunu, növbəti ildə də dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruri olduğunu əsas tutaraq, Palata öz təkliflərini, 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir. Həm bu təkliflər, həm də Palatanın büdcə layihələri və dövlət büdcəsinin icrası ilə baglı rəylərində   əks olunan təkliflərin müəyyən hissəsi məhz bu məqsədi daşıyır.

 

Büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin bir yolu da həmin vəsaitlərin əsaslı planlaşdırılması və proqnozlaşdırılmasıdır. Başqa sözlə desək, xüsusilə bu həssas dövrdə, tədbirlərin müəyyən edilmiş hədəf və vəzifələrə uyğunlaşdırılmasını təmin etmək vacibdir. Belə yanaşmanın təmin olunması nəticəliliyin əldə edilməsinə xidmət edər.Tədbir və hədəflərin uzlaşdırılması, eyni zamanda, qənaətli icrası, həmçinin, dövlət borcunun optimal idarəolunması, son nəticədə, Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılmasına  da xidmət edər.

 

Ümumiləşdirmə aparsaq, deyim ki, növbəti ildə dövlət büdcəsinin xərclərinin cari ilin büdcəsinin gözlənilən icrasından çox olmamaqla proqnozlaşdırılması, büdcə kəsirinin beynəlxalq səviyyədə qəbul olunan norma daxilində planlaşdırılması və   örtülməsi daha çox daxili borclanma və digər mənbələr istiqamətində əməli tədbirlər görülməsi hesabına məqsədəuyğun olardı. Əsaslı xərclərlə yanaşı, cari xərclərdə də azalma mənbələri mövcuddur. Belə ki, büdcədən maliyyələşən təşkilatlar öz büdcələrində hansı xərclərin artıq olmasını daha yaxşı bilirlər və buna görə də müvafiq təkliflə müraciət etməlidirlər.

 

Əsas məqsəd xərclərin azaldılması deyil. Büdcə xərclərinin müəyyən hissəsinin multiplikativ effektlə iqtisadi artıma dəstək olduğu nəzərə alınmalıdır. Xərclər cənab Prezidentin müəyyən etdiyi prioritet istiqamətlərin icrasını tam şəkildə təmin etməlidir. Bu istiqamətdə isə səmərəlilik və qənaətlilik meyarları önə çıxır.

İnanırıq ki, hər il olduğu kimi, növbəti ilin büdcəsi də ölkənin inkişaf prioritetlərinə uyğun tərtib və təsdiq ediləcəkdir.

 

Sual 6: Bəs Palatanın institusional inkişafı ilə bağlı hansı tədbirlər nəzərdə tutulur?

 

Cavab: Bildiyiniz kimi, ötən il Palatanın 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının və həyata keçirilən beynəlxalq layihənin sona çatdığı il olub. Layihə çərçivəsində bir sıra mühüm addımlar atılmış, xüsusilə, yeni audit metodlarının tətbiqi ilə bağlı potensial gücləndirilmiş, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın qəbul etdiyi beynəlxalq standartlar – ISSAI-ləin tərcüməsi həyata keçirilmiş,  2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı hazırlanmışdır. Həyata keçirilmiş bu mühüm tədbirlərin məntiqi davamı olaraq hazırda Palatada Avropa İttifaqı və Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlığın məhsulu kimi Tvinninq layihəsinin həyata keçirilməsi ilə bağlı işlər görülməkdədir. Həmin layihə hazırlıq mərhələsində olsa da, Palatanın qarşısında duran əsas inkişaf məqsədlərinə nail olunması istiqamətində əhəmiyyətlidir. 2014-cü ildə sona çatmış layihənin əsas, deyərdim ki, ən vacib nəticəsi Palatanın fəaliyyətini tənzimləyən yeni qanun layihəsinin hazırlanmasıdır. Qanun layihəsi Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı olaraq fəaliyyətinin icra olunmasında funksiya və səlahiyyətlərə bir qədər yeni, geniş və modern baxışı nəzərdə tutur. Eyni zamanda, dövlət maliyyə sistemində daxili və kənar nəzarətə konseptual yanaşmanın mühüm məqamlarını da özündə əks etdirir. Bütün bunlar Palata qarşısında duran vəzifə və məqsədlərə daha nəticəli şəkildə  nail olunmasına imkan verəcəkdir.