AZADİNFORM İnformasiya Agentliyinə müsahibə
Əlavə olunub: 2014-08-26

1. Vüqar müəllim, Hesablama Palatasının 2014-cü ilin birinci yarısındakı fəaliyyətini necə dəyərləndirirsiniz?

 

2014-cü ilin ilk altı ayında Hesablama Palatasının Kollegiyası tərəfindən 48 nəzarət tədbirinin başlanması ilə bağlı qərarlar qəbul olunmuşdur. Həmin nəzarət tədbirlərindən 27-cinin nəticəsi üzrə artıq qərar qəbul edilmiş, qalanları isə müxtəlif icra mərhələlərindədir. Nəzarət tədbirlərinin əhatəsinə gəldikdə isə, qeyd edək ki, həyata keçirilməsi qərara alınmış tədbirlərin 4-ü dövlət büdcəsinin gəlirlərini, qalan 43-ü dövlət büdcəsinin, biri Dövlət Sosial Müdafiə Fondunun  xərclərini əhatə etmiş, eyni zamanda bir ekspert-analitik təhlil də başa çatdırılmışdır. Bunları nəzərə alaraq, 2014-cü ilin İş Planında nəzərdə tutulmuş fəaliyyətin tamamilə yerinə yetiriləcəyi barədə əminlik olduğunu deyə bilərik. Diqqətə çatdırmaq istərdik, Palatanın illik İş Planları təkcə nəzarət tədbirlərini əhatə etmir. Qeyd edək ki, cari ilin iş planına əsasən Hesablama Palatası 2013-cü ildə fəaliyyəti ilə bağlı hesabat vermiş, 2013-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyini təqdim etmişdir.

 

Palatanın cari ildə fəaliyyətinin mühüm elementi isə hal-hazırda  Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası Hökumətləri arasında imzalanmış Qrant Sazişinə əsasən Dünya Bankının idarəçiliyi ilə “Korporativ və Dövlət Sektorunda Hesabatlılıq” layihəsinin (CAPSAP) “2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının həyata keçirilməsində Hesablama Palatasına köməklik göstərmək üçün Məsləhətçi Xidmətləri” ilə bağlı komponentlərin həyata keçirilməsi məqsədilə layihə ilə bağlıdır. Cari dövrə layihəni icra vəziyyəti ilə bağlı deyə bilərik ki, artıq fəaliyyət və  maliyyə auditi üzrə qaydaların, 2015-2016-cı illər üzrə fəaliyyət auditi üzrə strateji inkişaf sənədinin, İT üzrə strategiyanın layihələri hazırlanmış, həmin sənədlər üzərində işlər davam etdirilir. Həmçinin 30 ISSAI standartının tərcüməsi başa çatdırılmışdır.

 

Layihənin ən mühüm komponenti- qanunvericilik və standartlar bazasının gücləndirilməsi bizim üçün xüsusi əhəmiyyətlidir. Mövcud qanunvericiliyə əlavə və dəyişiklər hazırlanır, ilin sonuna kimi təkliflər təqdim ediləcəkdir.

 

2.   İri dövlət sifarişlərini yerinə yetirən özəl müəssisələrdə maliyyə axınlarını izləyə bilirsinizmi, yoxsa fəaliyyətiniz büdcə təşkilatları ilə məhdudlaşır?

 

Bilirsiniz ki, Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirməklə yanaşı, eyni zamanda, dövlət büdcəsinin və icmal büdcəsinin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini qanunvericiliyə uyğun olaraq aparmaq funksiyası var. Bu baxımdan da, dövlət büdcəsi vəsaitlərindən istifadə edən qurumlar Hesablama Palatasının nəzarət tədbirlərinin obyektidir. 

 

3.    Sizin apardığınız auditin nəticələri əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar aparılırmı? Yoxsa təftişin nəticələrini Milli Məclisə təqdim etməklə kifayətlənirsiniz?

 

Palatanın cari fəaliyyətinin əsas prioritet vəzifələrindən biri də korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və aradan qaldırılması ilə bağlıdır. Əvvəlki illərdə olduğu kimi, cari ildə də bu sahədə görülən tədbirlər davam etdirilir və hal-hazırkı dövrə qədər üç audit tədbirlərinin nəticələri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokurorluğa göndərilmişdir. Yol verilən ciddi maliyyə pozuntuları və büdcəyə dəymiş ziyanın aradan qaldırılması istiqamətində Baş İdarədə istintaq tədbirləri davam edir. Qeyd edək ki, 2008-ci ildə Palata və Baş Prokurorluq arasında qarşılıqlı əməkdaşlıqla bağlı Memorandum imzalanmış, hal-hazırda Palata nəzarət tədbirlərinin nəticələrinin Prokurorluq orqanlarına göndərilməsi zamanı sənədlərin tərtibi məsələlərini tənzimləyən qaydalar da hazırlanmaqdadır.

 

Ümumiyyətlə, ölkəmiz də korrupsiyaya qarşı mübarizə sahəsində mütərəqqi hüquqi baza yaradılmışdır. Hesablama  Palatası  istintaq orqanı deyil və  əsas vəzifəsi maliyyə və normativ  pozuntularının profilaktikası və aradan qaldırılması məqsədilə büdcə vəsaitlərindən istifadənin auditidir. Eyni zamanda, vurğulanmalıdır ki, Palata kənar auditi həyata keçirən orqandır və nəzarət tədbirlərində ilk olaraq diqqət daxili maliyyə nəzarəti orqanları tərəfindən nəzarətin aparılıb-aparılmamasına yönəldilir. Başqa sözlə desək, daxili nəzarətin güclü olması normativ-hüquqi aktların tələblərinə riayət edilməsində vacib faktordur.

 

Bütün nəzarət orqanları bir məqsədə xidmət edir və vahid bir sistemin ayrı-ayrı tərkib hissələridir. Hesablama Palatası dövlət vəsaitlərinin istifadəsinə kənar nəzarəti həyata keçirən yeganə orqandır və Konstitusional funksiyalarını yerinə yetirən zaman yalnız dövlət vəsaitlərinin mənimsənilməsi, təyinatı üzrə istifadə edilməməsi, maliyyə intizamının pozulması və s. bu kimi faktları müəyyən edir. Bu hallar cinayət xarakterli olsa da, audit nəticəsində cinayətin baş vermə faktını müəyyən etmək həmişə mümkün olmur və büdcə qanunvericiliyinin hər pozulma halı mütləq mənada cinayət məsuliyyəti daşımır.

 

Cinayət qanunvericliyinin tələblərinə uyğun olaraq prokurorluq orqanları Palatanın müəyyən etdiyi və araşdırmaq üçün göndərdiyi faktlar üzrə cinayət işlərinə başlayaraq vurulmuş zərərin məbləğini hesablayır. Ümumiləşdirərək, deyə bilərik ki, Hesablama Palatası konkret müqəssirləri müəyyən etmir və onları cəzalandırmır. Hesablama Palatası fəaliyyət auditini həyata keçirən yeganə nəzarət orqanı olmaqla qarşısında duran əsas iki vəzifəni yerinə yetirməlidir: peşəkar qaydada fəaliyyət auditini həyata keçirməli və dövlətin maliyyə və büdcə sisteminin real risklərini müəyyən etməlidir.

   

Lakin bununla yanaşı, maliyyə-büdcə qanunvericiliyinin pozulmasına qarşı inzibati tədbirlər güclənməlidir. Belə ki, sadə bir nümünə göstərmək olar: AR Inzibati Xətalar Məcələsində “Dövlət rüsumunun düzgün tutulmaması və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə vəzifəli şəxslər cəmi 90,0 manatadək cərimə edilir. Yaxud satınalmalar üzrə qanunvericiliyin tələblərinin pozulmasına görə isə hər hansı bir cəza tədbiri nəzərdə tutulmamışdır və belə siyahını uzatmaq olar.  Halbuki, Qazaxıstanın Inzibati Xətalar Məcələsində yuxarıda adıçəkilən qanunvericiliyin hər  bir tələbinin pozulması hallarına görə ayrı-ayrılıqda  inzibati cəza nəzərdə tutulmuşdur. Bunları nəzərə alaraq, Hesablama Palatası hesab edir ki, maliyyə-büdcə qanunvericiliyinin pozulmasına qarşı inzibati tədbirlər genişləndirilməli və gücləndirilməli, cərimələrin məbləği dəfələrlə artırılmalıdır. Bütün bu tədbirlər vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına, şəffaflığın və hesablılığının təmin edilməsinə, maliyyə inzibatçılığının güclənməsinə və korrupsiyaya ilə mübarizəyə xidmət etmiş olar.

 

Beynəlxalq təcrübənin və standartların araşdırılması aşkarlanmış nöqsanlar, o cümlədən iqtisadi cinayətlər barədə Ali Audit Qurumlarına qərarların sərbəst qəbul edilməsində səlahiyyətlərə malik olduğunu göstərir. Məsələn, İspaniya AAQ-ı öz hesabatlarında göstərir ki, yalnız çox ağır pozuntular cinayət məsuliyyətinin tətbiq edilməsinə əsas ola bilər. Əgər nöqsanlara yol vermiş şəxslər könüllü qaydada vergi ödəyiciləri qarşısında öz öhdəliklərini yerinə yetirməyə razı olursa, onda cinayət məsuliyyətinə cəlb olunmur.

 

4. Antikorrupsiya siyasəti Azərbaycan hökumətinin prioritetləri sırasına daxildir. Bu siyasətin daha effektiv həyata keçirilməsi üçün Hesablama Palatasının rolu nədən ibarətdir?

 

Əslində yuxarıda qeyd edilən məsələlər müəyyən qədər antikorrupsiya xarakterli fəaliyyəti əhatə edir. Bir məsələni diqqətə çatdıraq ki, bir çox ölkələrdə AAQ eyni zamanda antikorrupsiya orqanıdır. Belə funksiyanı daşımayan digər AAQ-ların hamısı, eyni zamanda, korrupsiya ilə mübarizədə mühüm rol oynayırlar. Respublikamızda Hesablama Palatası da qeyd olunan istiqamətdə bir sıra səlahiyyət və funksiyalara malikdir. Belə ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa sön dövrlərdə edilən dəyişikliklərlə dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi ilə bağlı yeni funksiya əlavə edilib.

 

Eyni zamanda,  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanı ilə bu istiqamətdə bir sıra mühüm tapşırıqlar da verilib. Bir faktı qeyd edim ki, Palatanın antikorrupsiya fəaliyyəti təkcə yoxlama materiallarının orqanlara göndərilməsi ilə bitmir. Belə ki, Prokurorluq orqanlarının özləri tərəfindən müəyyən edilmiş faktlar üzrə ayrı-ayrı şəxslərin fəaliyyətinin daha ətraflı araşdırılması məqsədilə dəfələrlə Palataya müraciət olunmuş, həmin sahə üzrə təcrübəli əməkdaşlar əlavə faktların müəyyən edilməsində yardımçı olmuşlar.

 

Qeyd edim ki, Palatanın qanunvericlik aktlarında mövcud boşluqlar, təkmilləşdirmə və yeni normativ aktların yaradılması ilə bağlı təklifləri də əslində antikorrupsiya fəaliyyəti kimi dəyərləndirilməlidir. Belə ki, qanunvericlikdə

 

5.  Hesablama Palatasının indiki fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac varmı, yoxsa indiki funksiyalarınız yetərlidir?

 

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Hesablama Palatası Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır və təşkilati-funksional müstəqilliyə malikdir. Eyni zamanda, məhz parlamentin xalq tərəfindən seçilən millət vəkillərindən ibarət olması maliyyə nəzarətini həyata keçirən ali orqana hakimiyyətin digər qollarından fərqli olaraq qanun çərçivəsində müstəqillik verir və ictimai resurslardan istifadədə xalqın maraqlarını qoruyur.

 

AAQ-ların müstəqilliyi dövlət kənar maliyyə nəzarəti orqanlarının beynəlxalq təşkilatı olan İNTOSAİ tərəfindən qəbul edilmiş standartların əsas şərtlərindəndir. Eyni zamanda, ali maliyyə nəzarəti orqanlarının dövlət idarəetməsində rolu, maliyyə inzibatçılığında əhəmiyyəti və ictimai zəruriliyi  “Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” 2011-ci ilin 22 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66-cı sessiyasında A/66/209 saylı Qətnaməsində üzv-dövlətlərin diqqətinə çatdırılmışdır.

 

Bu Qətnamə ilə BMT-nin Baş Assambleyası ilk dəfə olaraq AAQ-ların yalnız audit keçirdiyi qurumdan asılı olmadığı və kənar təsirlərə məruz qalmadığı halda öz vəzifələrini obyektiv və effektiv şəkildə yerinə yetirə bildiklərini, milli inkişaf məqsədlərinə və prioritetlərə, habelə Minilliyin İnkişaf Məqsədləri də daxil olmaqla beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinə nail olmağa imkan yaradan dövlət idarəçiliyinin səmərəliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılmasında AAQ-ların əsas rol oynadığını qəbul etmişdir.

 

Maliyyə inzibatçılığının gücləndirilməsi ilə bağlı ölkə rəhbərinin tapşırıqları bu istiqamətdə qanunvericilik aktlarının da daima təkmilləşdirilməsini tələb edir. Məlumdur ki, bu sahədə diqqət yetirilməsi əsas məqamlardan biri də dövlət maliyyə nəzarəti sisteminin işinin effektivliyinin gücləndirilməsi, o cümlədən kənar dövlət maliyyə nəzarəti orqanı olan Hesablama Palatasının fəaliyyəti ilə sıx bağlıdır. 

 

Məlum olduğu kimi, hal-hazırda Palatanın fəaliyyəti “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanunu və Daxili Nizamnamə ilə tənzimlənir. Hər iki akt respublikamızın müstəqillik qazandığı ilk dövrdə qəbul olunub. Ötən dövrdə maliyyə resurslarının artımı, ölkəmizin dünyada qəbul edilən dinamik inkişafı qeyd olunmuş normativ-hüquqi aktlara yenidən baxılmasını tələb edir.

 

Eyni zamanda, Lima Bəyannaməsinin əsas prinsipləri, “Ali Audit Qurumlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” 2011-ci ilin 22 dekabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 66-cı sessiyasında qəbul edilmiş A/66/209 nömrəli Qətnamədən irəli gələn çağırışlar Ali Audit Qurum kimi Palatanın fəaliyyətinin qəbul edilmiş normalara uyğunlaşdırılmasını zəruri edir. Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi Palatanın dövlət maliyyə inzibatçılığının gücləndirilməsi və şəffaflığının təmin edilməsi istiqamətində faydalılığının artırılması imkanlarının böyük olduğunu göstərir. Bu baxımdan da, qeyd edilən məqamları nəzərə alacaq Palatanın yeni qanununun layihəsi hazırlanmaqdadır.

 

Yeni qanunun yuxarıda qeyd olunmuş qanunları əvəz edəcəyi nəzərdə tutulur. Layihədə Palatanın iş prinsipləri, strukturu, Kollegiyanın fəaliyyəti və s. sahələri tənzimləyən məqamlarla yanaşı, nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı əsas məqamlar da əks olunur. Qarşıya qoyulmuş tələblərin yerinə yetirilməsi və Palatanın dövlət idarəetməsində daha da faydalı olmasının təmin edilməsi məqsədilə bir neçə istiqamətdə yeniliklər də nəzərdə tutulur. Bu yeniliklər arasında dövlət orqanlarında yaradılmış məlumat bazasına çıxışın təmin edilməsi, fəaliyyət auditinin əsas prinsiplərinin təsbit edilməsi, vəsaitlərdən istifadəyə dair hesabatvermənin məcburiliyi, Palataya işə qəbul və insan resurslarının inkişafı ilə bağlı məsələləri qeyd etmək olar. Nəzərdə tutulan yeniliklər resurslardan səmərəli istifadənin təmin edilməsi ilə yanaşı, kənar dövlət maliyyə nəzarət orqanı olaraq Palatanın üzərinə düşən vəzifə və funksiyaların tam və müvəffəqiyyətlə yerinə yetirilməsi məqsədini güdür.

 

Dünyada mövcud olan ali maliyyə nəzarəti orqanlarının status, funksiya, hesabatvermə müxtəlifliliyi, həmçinin parlament və icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəsində fərqləri mövcuddur. Bu fərqlər ölkənin siyasi quruluşu və qanunvericiliyinə, milli ənənə və mədəniyyətinə əsaslanır, lakin bu fərqlərdən asılı olmayaraq, hər bir ali maliyyə nəzarət orqanı, Lima Bəyannaməsində də göstərildiyi kimi, dövlətin maliyyə resurslarının idarəolunması sisteminin vacib və xüsusi həlqəsidir. Palatanın qarşısında duran əsas vəzifələrdən biri də fəaliyyətinin təkmilləşdirilməsi yolu ilə AAQ ailəsinin müvəffəqiyyətli üzvünə çevrilməkdir. 

    

6. Azərbaycan Hesablama Palatası Ali Audit Qurumlarının Avropa Təşkilatlarının (EUROSAI) Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə yaradılmış İşçi Qrupuna qoşulub. Bu quruma qoşulmaq palataya hansı dividentləri verəcək?

 

Təbii və texnogen fəlakətlərin müasir dövrdə beynəlxalq xarakter daşıması, bu fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması ilə bağlı ayrılmış vəsaitlərin effektiv istifadəsinin təmin edilməsi AAQ-ların bu istiqamətdə intensiv və qarşılıqlı fəaliyyətlərini zəruri etmişdir. Fəlakətlər və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun yaradılmasında məqsəd bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və əlaqələndirilməsidir.  

 

Fikrimizcə, istənilən birgə əməkdaşlıq müsbət nəticələrin əldə edilməsində vacib elementdir. Bu baxımdan da, respublikamızda mümkün təbii və texnogen fəlakətləri qarşının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı fəaliyyətin təkmiləşdirilməsi, son nəticədə, büdcə vəsaitlərini səmərəli istifadəsini təmin etməklə xalqın rifahının və sağlamlığının qorunmasına xidmət edir. 

 

7. Ümumiyyətlə,  Palatanın xarici əlaqələri, beynəlxalq audit standartlarının ölkəmizdə tətbiqi barədə nə deyə bilərsiniz?

 

Yuxarıda da qeyd edildiyi kimi, Palatada hal-hazırda beynəlxalq layihə həyata keçirilməkdədir və bu layihənin əsas məqsədi məhz beynəlxalq standart və təcrübənin tətbiqini təmin etmək və bununla bağlı potensialı gücləndirməkdir. Fəaliyyət və maliyyə auditi metodlarının tətbiqi məqsədilə pilot layihələr həyata keçirilməkdədir və hər iki metod üzrə qaydaların layihəsi tərtib edilmişdir. Gələcəkdə həmin audit metodlarının üzrə əməkdaşların bacarıqlarının artırılması məqsədilə təlimlər də həyata keçilir. Qeyd edək ki, fəaliyyət auditi dövlət vəsaitlərinin səmərəli, qənaətli və nəticəli istifadəsi ilə bağlıdırsa, maliyyə auditi təşkilatın maliyyə fəaliyyətinin mövcud qanunvericilik aktlarına uyğunluğu, hesabatlılığı və nəzarət mexanizmlərinin yetərliliyini qiymətləndirir və riskləri müəyyən edir. Hər iki metod Palata üçün yenidir.

 

Qanunvericilik və standartlar bazasının gücləndirilməsi məqsədini güdən üçüncü komponent xüsusilə əhəmiyyətlidir. Belə ki, Lima Bəyannaməsinin müddəalarına uyğun fəaliyyətin təmin edilməsi bir tərəfdən beynəlxalq standartların tətbiqini tələb edirsə də, ikinci bir tərəfdən tam fəaliyyətin təmin olunması və həmin standartların tətbiqi məqsədilə səlahiyyət və statusun gücləndirilməsini zəruri edir. Hal-hazırda bu istiqamətdə qanun layihəsi hazırlanmaqdadır. ISSAI – standartların tərcüməsi və redaktəsi işləri həyata keçirilir.

 

Bir məqamı da diqqətə çatdıraq. AAQ-ların dövlət idarəçiliyində funksiya və vəzifələri nəticə etibarı ilə vergi ödəyicilərinin - vətəndaşların maraqlarına xidmət edir. Bu baxımdan, AAQ-ların fəaliyyətinin təkmilləşdirilməsi, səlahiyyətlərinin genişləndirilməsi və təsir mexanizmlərinin gücləndirilməsi əslində ictimai maraqlara xidmət edir. Bununla bağlı İNTOSAİ təşkilatı 2013-cü ildə yeni bir standart - İSSAİ 12 qəbul etmişdir. Həmin standart iki əsas prinsipə  - hesabatlılığın, şəffaflığın, dövlət və özəl təşkilatların düzgünlüyünün gücləndirilməsi və vətəndaşlar, Parlament və digər tərəfdaşların maraqlarına uyğun fəaliyyət prinsiplərinə riayət etməklə AAQ-ın vətəndaşların həyatlarında müsbət dəyişikliklərə xidmət etdiyini qeyd edir.

 

Beynəlxalq əlaqələr gəldikdə  isə, qeyd edək ki, Palata üzv olduğu İNTOSAİ, EUROSAİ, ASOSAİ, ECOSAİ çərçivəsində fəaliyyətini gücləndirməklə, yanaşı ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını da gücləndirir. Belə ki, cari ilin 16-19 iyun tarixlərində Ali Audit Qurumlarının Avropa Təşkilatlarının (EUROSAI) Niderland Krallığının Haaqa şəhərində keçirilmiş IX Konqresində iştirak etimiş, qardaş Türkiyə Respublikası AAQ ilə əməkdaşlıq imkanları daha gücləndirilir. Yuxarıda qeyd etdiyiniz İşçi Qrupuna üzv olması, eyni zamanda Satınalma müqavilələrinin auditi üzrə Xüsusi Qrupa üzv olması ilə bağlı atılan addımlar Palatanın çoxtərəfli əməkdaşlıq fəaliyyətinin göstəricisidir.