EUROSAI-ın Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupunun 4-cü illik toplantısı videoformatda keçirilmişdir
Əlavə olunub: 2020-11-19

2020-ci il 19 noyabr tarixində EUROSAI-ın Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupunun 4-cu illik toplantısı  Xüsusi Qrupun Katibliyini həyata keçirən Litva Milli Audit Ofisinin moderatorluğu ilə keçirilmişdir.

 

Toplantıda 27 ölkə və beynəlxalq təşkilatlardan (İƏİT, EUROSAI və s.) 65 nümayəndə iştirak etmişdir. Azərbacan Hesablama Palatasını toplantıda İqtisadi sahələrin auditi şöbəsinin müdiri Azim Abasov və böyük məsləhətçisi Nazim Nağdəliyev təmsil etmişlər. Toplantının əsas mövzusu EUROSAI-ın Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupun 2021-ci il üzrə fəaliyyət planı, 2021-2023-cü illər üzrə İşci Proqramı və digər məsələlərin müzakirəsi olmuşdur. Toplantını Xüsusi Qrupun Katibliyinin rəhbəri Jura İvonaityte açıq elan etmiş və Litva Respublikasının Baş Auditoru Mindaugas Macijauskas çıxış edərək toplantı iştirakçılarını salamlayaraq onlara uğurlar arzulamışdır.

 

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti 3-cü strateji məqsəd üzrə əsas mövzu kimi səsləndirilən bəzi təkliflərlə bağlı fikirlərini bildirmiş, həmçinin digər AAQ-larla birlikdə paralel auditlərin aparılması və təcrübə mübadiləsinin həyata keçirilməsinin bələdiyyə auditinin inkişafına daha çox töhfə verəcəyini vurğulamışdır.

 

O da qeyd olunmuşdur ki, Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu siyasəti və rəhbərliyi ilə ordunun gücü və əzmi, habelə xalqın iradəsi və rəhbəri ətrafında sıx birləşməsi hesabına 44 gün davam edən Vətən müharibəsi torpaqlarımızın azad edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarında dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin bərpa edilməsi və bələdiyyələrin formalaşdırılması zamanı Hesablama Palatasının beynəlxalq toplantıda Bələdiyyələrin auditi üzrə Xüsusi Qrupunda əldə etdiyi təcrübənin həmin bələdiyyələrdə də istifadəsi faydalı olacaqdır.

 

Toplantınının yekunu üzrə EUROSAI-ın Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupunun  2021-ci il üzrə fəaliyyət planı və digər sənədlər müzakirə edilərək qəbul edilmişdir.

 

Toplantı yüksək müzakirələr şəraitində, interaktiv onlayn rejimdə 4 saat davam etmiş və Litva AAQ-ı tərəfindən ilkin nəticələr ümumiləşdirilərək  bağlı elan edilmişdir.