Hesablama Palatası Vətən müharibəsində Ali Baş Komandanın bir əsgəridir
Əlavə olunub: 2020-10-08

2020-ci ilin 27 sentyabr tarixindən başlayan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Silahlı Qüvvələrimiz  şərəfli tarix yazmaqdadır. Son günlərdə eşitdiyimiz qələbə xəbərləri isə haqq işimizdə ədalətin bərpa edilməsi üçün dövlətimizin və  ölkə əhalisinin daimi birliyini daha da gücləndirməkdədir.

 

Azərbaycan Respublikasının Hesablama Palatası yaşadığımız tarixi günlərin əhəmiyyətini tam məsuliyyəti ilə dərk edərək və Ali Baş Komandanın müsəlləh əsgəri olmaq üçün öz fəaliyyətini bu istiqamətdə qurmaqdadır. Tərəfimizdən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, həmçinin bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın, ASOSAI-ın, ECOSAI-ın Prezidentlikləri və Baş Katibliklərinə,  MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına məlumatlandırıcı məktublar ünvanlanmış, şanlı ordumuzun haqq-ədalətin bərpası üçün silaha sarıldığı bildirilmişdir.

 

Eyni zamanda, öz tariixi torpaqlarımızın işqalçılardan azad edilməsi və ərazilərimizin bərpası ilə bağlı illərdir davam edən ədalətsizliyin aradan qaldırılması üçün haqq savaşımızda yanımızda olan Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna AAO-larına minnətdarlıq məktubları göndərilmiş, digər ölkələrin müvafiq qurumları isə bununla bağlı məlumatlandırılmışdır.

 

Hesablama Palatasının əməkdaşları ərazilərimizin bərpası uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə  Silahlı Qüvvələrə Yardım Fonduna 75,0 min manat məbləğində vəsait köçürmüşdür.