Hesablama Palatasının əməkdaşları virtual şəkildə təşkil edilmiş IX EUROSAI-OLACEFS Konfransında iştirak etmişdir
Əlavə olunub: 2020-09-14

Macarıstan Dövlət Audit Ofisinin təşkilatçılığı ilə IX EUROSAI-OLACEFS Birgə Konfransı keçirilmişdir. COVID-19 pandemiyasının səbəb olduğu vəziyyəti nəzərə alaraq konfrans “COVID-19 pandemiyası: Ali Audit Qurumlarının öz işlərinin təsirini vurğulaması üçün xüsusi imkan” mövzusuna həsr edilmişdir.

 

Konfransa EUROSAI-a üzv AAQ-lardan 137, OLACEFS-ə üzv AAQ-lardan isə 52 nəfər qoşulmuşdur. Tədbirin ilk günü EUROSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin Prezidenti cənab Seyid Ahmet Başın və OLACEFS-in Prezidenti, Peru AAQ-ının rəhbəri cənab Nelson Eduardo Şək Yaltanın açılış nitqi ilə başlamış və daha sonra Macarıstan Dövlət Audit Ofisinin prezidenti cənab Laszlo Domokosun salamlama nitqi ilə davam etmişdir. Tədbirin davamında konfransının mövzusuna dair Çili, Birləşmiş Krallıq AAQ-larının nümayəndələrinin, həmçinin qonaq qisqimdə dəvət edilmiş mütəxəsislərin təqdimatları yer almışdır.

 

Konfransın ikinci və üçüncü günü audit sahəsində aktual mövzulara dair aşağıdakı panel müzakirələr və praktik seminarlarla davam etmiş, iştirakçılara mövzu ilə əlaqədar faydalı təqdimatlar edilmişdir:

 

- Qiymətləndirmə metodologiyalarının gücləndirilməsi;

- Korrupsiyanın qarşısının alınması və mübarizə yolları;

- 2030-cu il Gündəliyinin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu;

- Mediya və texnologiya: AAQ-ların, rəqəmsallaşdırmanın və 3-cü tərəflərin birləşdiyi yer;

- Məsləhətçi rolu 1 – Parlament, Konqres;

- Məsləhətçi rolu 2 – Auditi keçirilən qurumlar, vətəndaşlar, digər tərəflər;

- Göstəricilər, qiymətləndirmə alətləri;

- Ədalətlilik/antikorrupsiya;

- Prokurorluq ofisi ilə əlaqələr, korrupsiyanın qarşısının alınması və mübarizə;

- Çevik audit hesabatı, qabaqcıl təcrübələr, rəqəmsal hesabatlılıq;

- Sosial istifadə;

- Şəffaflıq, Rəqəmsal alətlərin təsiri.

 

Seminarların ardınca moderatorların yekun fikirləri dinlənilmiş və tədbir EUROSAI və OLACEFS təşkilatlarının baş katiblərinin, həmçinin Macarıstan Dövlət Audit Ofisinin Prezidenti cənab Laszlo Domokosun bağlanış nitqi ilə başa çatmışdır.