Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti haqqında hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti haqqında Hesabat (bundan sonra Hesabat) “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.11-ci və 37-ci maddələrinə əsasən, həmçinin Hesablama Palatası Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları”na uyğun hazırlanmışdır.

 

Hesabat tərtib edilərkən, eyni zamanda, AAQ-ların Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul edilmiş INTOSAI-P-1 və INTOSAI-P-10 beynəlxalq standartlarının tələbləri nəzərə alınmışdır.

 

Hesabat 2019-cu il üçün Hesablama Palatasının İş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarət tədbirləri, həmçinin Hesablama Palatasının hesabat ilində cari fəaliyyəti ilə bağlı məlumatları əks etdirir və 6 bölmədən ibarətdir.

 

“Ümumi müddəalar” bölməsində Hesabatın hazırlanmasının hüquqi əsasları və strukturu haqqında məlumatlar təqdim edilmişdir.

 

“Ümumi məlumatlar” bölməsində Hesablama Palatasının fəaliyyətinin təşkili, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar verilmişdir.

 

“Hesablama Palatasının nəzarət fəaliyyəti” bölməsində dövlət büdcəsinin, həmçinin büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərcləri, dövlət zəmanəti ilə alınmış kreditlərlə bağlı auditlərin nəticələri nöqsanlar üzrə təsnifləşdirilmiş, maliyyə, uyğunluq auditlərinin nəticələri icmallaşdırılmış, səmərəlilik (performans) auditləri, həmçinin analitik fəaliyyətin nəticələri üzrə xülasələr, hesabat ilində başa çatdırılmış monitorinqlər barədə, həmçinin Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri haqqında məlumatlar əks etdirilmişdir. 

 

Hesabatın strukturun təkmilləşdirilməsinin nəticəsi kimi ona əlavə edilmiş “Nəzarət tədbirlərinin nəticəsi olaraq görülmüş işlər” bölməsində Hesablama Palatasının qərarların kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən icra vəziyyəti, əvvəlki illərdə başa çatdırılmış auditlər üzrə hesabat ilində görülən tədbirlər (post-audit) ilə bağlı məlumatlar verilmişdir. Bölmədə, həmçinin, büdcə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində hazırlanmış və müvafiq qaydada təqdim edilmiş təklif və tövsiyələr, eyni zamanda, həmin təklif və tövsiyələrə hökumətin münasibəti əks etdirilmişdir. 

 

“Hesabatlılıq və şəffaflığın təmin olunması istiqamətində fəaliyyət” bölməsində Hesablama Palatasının fəaliyyəti haqqında cəmiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi və ictimai iştirakçılığın təmin olunması ilə bağlı görülmüş işlər, vətəndaşların nəzarət tədbirləri barədə sorğular, müxtəlif məsələlər üzrə müraciətləri və şikayətləri, həmçinin korrupsiya əleyhinə mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumatlar əks olunmuşdur. Bu bölməyə, hesabat ilində nəzarət tədbirlərinin elektron idarə edilməsini təmin edən Hesablama Palatasında tətbiqinə başlanılmış Audit Fəaliyyətinin İdarəedilməsi Sisteminin (AFİS) funksiya və məqsədləri ilə bağlı məlumatlar da daxil edilmişdir.   

 

“Hesablama Palatasının fəaliyyətinin təşkili” bölməsində Hesablama Palatasının cari, o cümlədən beynəlxalq və inzibati fəaliyyəti, kadr potensialı, keçirilən dövlət satınalmaları, maliyyə təminatı barədə məlumatlar və illik maliyyə hesabatları təqdim olunmuşdur.

 

Qeyd edək ki, Hesabata ayrı-ayrı istiqamətlər üzrə 2018-2020-ci illər üçün Strateji İnkişaf Proqramında nəzərdə tutulmuş tədbirlər və onların icra vəziyyəti barədə  məlumatlar da daxil edilmişdir.

 

  Azərbaycan Respublikasi Hesablama Palatasinin 2019-cu ildə fəaliyyəti haqqinda hesabat