Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ilin 6 ayı üzrə fəaliyyəti ilə bağlı Məlumat

Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ilin 6 ayı üzrə fəaliyyətinə dair məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37.2-ci maddəsinə əsaslanmaqla hesabatlılıq və şəffaflılığın yüksəldilməsi, beynəlxalq standartlara müvafiq qaydada öz fəaliyyəti ilə bağlı hesabatvermə funksiyalarının icrası, həmçinin maliyyə inzibatçılığı sahəsində beynəlxalq hesabatlarda  Azərbaycan Respublikasının mövqeyinin yüksəldilməsi məqsədilə hazırlanmışdır.

 

Hesabat dövründə Hesablama Palatası mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 2018-ci ildə dövlət büdcəsinin, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin icrasına, həmçinin 2019-cu il üçün dövlət büdcəsində, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsində dəyişikliklərə dair rəylərini hazırlayaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmişdir. Eyni zamanda, beynəlxalq təcrübəyə uyğun olaraq Hesablama Palatası 2018-ci il dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı Rəy üzrə Xülasə tərtib etmişdir.  

 

Hesablama Palatasının 2018-ci ildə fəaliyyətinə dair illik Hesabat da hesabat dövründə hazırlanmış və Milli Məclisin plenar iclasında təqdim edilmişdir. 

 

2019-cu ilin İş Planına əsasən, Hesablama Palatasının Kollegiyası tərəfindən 5 təhlil və 32 auditin başlanılması ilə bağlı qərar qəbul edilmiş, ötən il üzrə İş Planına uyğun 2018-ci ildə başlanılmış, nəticələri hesabat dövründə yekunlaşmış 1 audit də daxil olmaqla ümumilikdə 12 auditin və 5 təhlilin nəticələrinə baxılmışdır.

 

2018-ci ilin İş planına uyğun başa çatdırılmış auditlərin nəticələrinə dair qəbul edilmiş Kollegiya Qərarlarının icra vəziyyətinə nəzarət məqsədilə seçmə qaydasında monitorinqlər həyata keçirilmiş və 7 monitorinq üzrə müvafiq Kollegiya Qərarı qəbul edilmişdir.

 

Hesabat dövründə nəticələri ilə bağlı müvafiq zəruri addımların atılması məqsədilə 17 quruma Auditor Hesabatı və 7 mərkəzi icra hakimiyyəti orqanına ümumilikdə 11 məlumat göndərilmiş, hər tədbirlə bağlı qanunvericiliklə nəzərdə tutulduğu qaydada Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir.  

 

Cari ilin ilk 6 ayı ərzində Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi ümumilikdə 1013,3 mln. manat təşkil etmişdir.  

 

Hesabat dövründə aparılmış və nəticələri ilə bağlı qərar qəbul edilmiş auditlərin əhatə etdiyi vəsaitin 45,8%-i dövlət büdcəsinin xərcləri, 16,9%-i büdcədənkənar dövlət fondlarının vəsaitləri, 37,3%-i isə digər mənbələrdən ayrılan vəsaitlər üzrə olmuşdur. 

 

Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin əhəmiyyətli hissəsi 2018-ci ilin payına düşmüşdür.

 

2019-cu ilin ilk 6 ayında nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 9-nu əhatə etmişdir. Hesabat dövründə nəzarət fəaliyyəti ilə əhatə olunmuş vəsaitin daha çox hissəsi dövlət büdcəsinin funksional təsnifatı üzrə (25,6%) “Ümumi dövlət xidmətləri” bölməsinı aid olmuşdur.

 

Hesabat dövründə əhatə edilmiş vəsaitin 97,4%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 2,6 %-i isə büdcənin yerli xərcləri üzrə olmuşdur.

 

Hesabat dövründə həyata keçirilmiş monitorinqlər istisna olmaqla, 2019-cu ilin İş planı üzrə aparılmış nəzarət tədbirlərinin 10-u Bakı şəhərində, 6-sı respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılmışdır.

 

Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilmiş və təsnifləşdirilmişdir. Həmin nöqsanlar arasında, hər il olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinin pozulması, həmçinin mühasibat uçotu və hesabatılılqla bağlı nöqsanların payı nisbətən yüksək olmuşdur. Eyni zamanda, dövlət vəsaiti hesabına dövlət əmlakından istifadə sahəsində də nöqsanlar aşkarlanmışdır.

 

Kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən həyata keçirilmiş dövlət satınalmalarında birmənbədən satınalma metodunun xüsusi çəkisi nisbətən yüksək olmuşdur. Eyni zamanda, qurumlar tərəfindən bir sıra hallarda birmənbədən satınalma metodunun tətbiqinin zəruri və ətraflı əsaslandırılmaması, həmçinin müvafiq satınalma prosedurlarının tam aparılmaması satınalmaların qalibinin müəyyənləşdirilməsi prosesində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun dövlət satınalmaları zamanı vəsaitlərin istifadəsində qənaətliliyinin və obyektiv yanaşmanın təmin edilməsi ilə bağlı tələb və prinsipləri ilə uzlaşmayan riskləri formalaşdırmışdır.

 

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı yol verilən pozuntularla bağlı iki, dövlət əmlakından təyinatı üzrə və qanunuyğun istifadə edilməməsi halı üzrə bir nəzarət tədbirinə dair müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

 

Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə ümumilikdə 6,8 mln. manat, o cümlədən 365,1 min manat büdcədənkənar fondun büdcəsinə bərpa edilmişdir.