Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci üzrə fəaliyyəti haqqında Hesabat

“Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabat” (bundan sonra Hesabat) “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.11-ci və 14.0.12-ci maddələrinə əsasən, həmçinin Hesablama Palatası kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş “Hesablama Palatasının illik fəaliyyəti barədə hesabatın hazırlanması, baxılması və təsdiq olunması Qaydaları”na uyğun hazırlanmışdır.

 

Hesabat, eyni zamanda, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı olan INTOSAI tərəfindən qəbul edilmiş ISSAI 1 və ISSAI 10 beynəlxalq standartlarının tələblərinə uyğun tərtib edilmişdir.

 

Hesabat 2018-ci il üçün İş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş nəzarət tədbirləri, həmçinin Hesablama Palatasının hesabat ilində cari fəaliyyəti ilə bağlı məlumatları əks etdirir və 5 bölmədən ibarətdir.

 

“Ümumi müddəalar” bölməsində Hesabatın hazırlanmasının hüquqi əsasları və bölmələri haqqında ümumi məlumatlar təqdim edilmişdir.

 

“Ümumi məlumatlar” bölməsində Hesablama Palatasının fəaliyyətinin təşkili, mövcud qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin, həmçinin “Hesablama Palatasının 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planı”nda və Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə 2017-ci ilin noyabr ayından başlanmış 27 aylıq layihədə  nəzərdə tutulmuş tədbirlərin 2018-ci il üzrə icrası vəziyyəti ilə bağlı məlumatlar verilmişdir.

 

“Hesablama Palatasının audit fəaliyyəti” bölməsində hesabat ilində dövlət büdcəsinin, həmçinin büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlir və xərcləri, dövlət zəmanəti ilə alınmış kreditləri, həmçinin maliyyə-təsərrüfat fəaliyyətini əhatə edən auditlərin nəticələri nöqsanlar üzrə təsnifləşdirilmiş, ötən illərdə başa çatdırılmış, auditlər üzrə hesabat ilində yerinə yetirilmiş tədbirlər (post-audit) ilə bağlı məlumatlar verilmiş, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən həyata keçirilmiş nəzarət tədbirləri barədə məlumatlar əks etdirilmişdir. Eyni zamanda, bu bölməyə Hesablama Palatasının qərar və təqdimatlarının qurumlar tərəfindən icra vəziyyəti ilə bağlı məlumatlar da daxil edilmişdir.

 

 “Hesablama Palatasının analitik fəaliyyəti” bölməsi bu istiqamətdə həyata keçirilən tədbirləri, başqa sözlə, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə, həmçinin dövlət büdcəsinin icrası barədə illik hesabata və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrası ilə bağlı müvafiq layihələrə Hesablama Palatasının rəyləri üzrə ümumiləşdirilmiş məlumatları və həmin rəylərdə əks olunmuş nəticə, təklif və tövsiyələri özündə birləşdirir. Həmçinin bu bölmədə hesabat ilində aparılmış təhlil işləri üzrə əldə edilmiş əsas nəticələr əks etdirilmişdir. Hesabat ilində Hesablama Palatasının 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı əlavə hesabat barədə məlumatlar da qeyd olunan bölməyə daxil edilmişdir.

 

“Hesabatlılıq və şəffaflığın gücləndirilməsi istiqamətində fəaliyyət” bölməsi ilk dəfə olaraq Hesabata daxil edilmiş, bu bölmədə büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı Hesablama Palatasının müxtəlif istiqamətlərdə hazırladığı və müvafiq qaydada təqdim etdiyi tövsiyələr və təkliflər, həmin təkliflərə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının münasibəti üzrə, Hesablama Palatasının fəaliyyətinə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi və vətəndaşların bu sahədə iştirakının artırılmasına dair, korrupsiya əleyhinə mübarizə istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumatlar əks olunmuşdur.  

 

“Hesablama Palatasının fəaliyyətinin təşkili” bölməsində Hesablama Palatasının cari fəaliyyəti, o cümlədən beynəlxalq və inzibati fəaliyyəti, kadr potensialı, keçirilən dövlət satınalmaları, maliyyə təminatı barədə məlumatlar və illik maliyyə  hesabatları təqdim olunmuşdur.

 

Hesabatla ətraflı buradan tanış ola bilərsiniz.