Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı Məlumat

Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

MƏLUMAT

 

 

Ümumi məlumatlar

 

 

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumat 

 

Azərbaycan Respublikasının 5 mart 2002-ci il tarixli 269-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin 25-ci maddəsinə əsasən və “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamının 4-cü bəndinin, həmçinin “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

 

2018-ci ilin İş Planına əsasən Hesablama Palatasının Kollegiyası 34-ü audit və 1-i analitik təhlil olmaqla 35 nəzarət tədbirinin başlanılması, həmçinin 1-i müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun məxfi qaydada olmaqla 17 auditin nəticələri ilə bağlı qərar qəbul etmişdir.

 

Hesabat dövründə nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə müvafiq zəruri addımların atılması məqsədilə 18 quruma Kollegiya Qərarının surəti, 1 quruma isə Təqdimat göndərilmişdir.

 

Əhatə dairəsi

 

Hesablama Palatasının 2018-ci ilin ilk yarısında həyata keçirdiyi nəzarət tədbirləri 3,2 mlrd. manat məbləğində vəsaiti əhatə etmişdirdir. Həmin vəsaitlərin 32,5%-ni dövlət büdcəsinin və 2,4%-ni büdcədənkənar fondlarının büdcəsinin xərcləri, 14,2%-ni dövlət zəmanəti ilə alınmış daxili  və  xarici kreditlər, 50,9%-ni isə dövlət mülkiyyətində olan müəssisələrin maliyyə təsərrüfat fəaliyyəti və təşkilatların funksional fəaliyyəti ilə bağlı vəsaitlər təşkil etmişdir.

 

Dövlət büdcəsi üzrə əhatə edilən vəsaitin nəzərəçarpacaq hissəsi 2016-2017-ci illərdə icra edilmiş xərclər üzrə olmuşdur. Belə ki, cəmi məbləğin 42,3%-i 2016-ci ilə, 55,3%-i 2017-ci ilə aid olmuş, 0,3%-i 2018-ci ili və qalan 2,1%-i isə 2011-2015-ci illəri əhatə etmişdir.

 

Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirləri dövlət büdcəsinin funksional təsnifatı üzrə 14 bölməsindən 8-ni əhatə etmişdir.

 

Əhatə edilmiş vəsaitin 96,1%-i dövlət büdcəsinin mərkəzləşdirilmiş, 3,9%-i isə büdcənin yerli xərcləri üzrə olmuşdur.

 

Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin 14-ü Bakı şəhərində, 3-ü respublikanın ayrı-ayrı şəhər və rayonlarında aparılmışdır.

 

Əsas nəticələr

 

Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilmiş və ümumilikdə 232 halda nöqsan müəyyən edilmişdir.

 

Təhlil göstərir ki, nəticələri ilə bağlı qərar qəbul edilmiş tədbirlər üzrə büdcə qanunvericiliyinin tələblərinin pozulması hallarına daha çox rast gəlinmişdir.  Bu nöqsanlarla yanaşı dövlət satınalmaları, mühasibat uçotu və hesabatlılıq, həmçinin əsaslı vəsait qoyuluşları ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət edilməməsi  hallarının da payı böyükdür.

 

Hesabat dövrü ərzində dövlət satınalmalarının keçirilməsi zamanı inzibati xəta hallarının müəyyən edilməsi ilə 2 nəzarət tədbiri ilə bağlı müvafiq materiallar aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

 

Nəticələri ilə bağlı Kollegiya qərarı qəbul olunmuş tədbirlər üzrə 4,7 mln. manat və artıq ödənilmiş vergi məbləğlərindən azaldılması yolu 2,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə, 87,2 min manat məbləğində vəsaitin isə büdcədənkənar fondların büdcəsinə bərpası təmin edilmişdir.