Hesablama Palatasının 2016-cı ildə fəaliyyəti haqqında Hesabat

Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üzrə kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

 

MƏLUMAT

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ilin İş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 12-si analitik təhlil və 65-i audit olmaqla 77, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 10-u analitik təhlil və 9-u audit olmaqla 19 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilmişdir. Hesabat ilində dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə nəzarət tədbirlərindən 2-si (2 analitik təhlil) növbəti ilə saxlanılmışdır.

 

2015-ci ilin İş planına daxil olan və nəticələri hesabat ilində yekunlaşan 2 audit də nəzərə alınmaqla 2016-cı ildə 76 nəzarət tədbirinin nəticəsi ilə bağlı qərar qəbul edilmiş, Azərbaycan Dövlət İqtisad Universitetində həyata keçirilmiş tədbirin nəticələrinin yekunlaşdırılmaması səbəbindən həmin auditlə bağlı məlumatlar növbəti ildə fəaliyyətlə bağlı hesabata daxil ediləcəkdir.

 

2016-cı ilin İş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8% az olmuşdur. 

 

Hesabat ilində dövlət büdcəsinin gəlirləri üzrə 8 (2-si analitik təhlil), büdcə xərcləri üzrə 63, dövlət zəmanəti ilə alınmış kreditlər üzrə cəlb edilmiş vəsaitlərlə bağlı 2, büdcədənkənar dövlət fondlarının vəsaitləri ilə bağlı 4 auditin nəticəsi üzrə qərar qəbul edilmişdir. Qeyd edək ki, bir audit dövlət büdcəsi ilə yanaşı büdcədənkənar dövlət fondunun vəsaitlərini də əhatə etmişdir.

 

Hesabat ilində iki nəzarət tədbirinin nəticələrinə məxfi qaydada baxılmış və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq həmin tədbirlərlə bağlı məlumatlar Hesabata daxil edilməsə də Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq məlumat təqdim olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikasının büdcəsi ilə bağlı keçirilmiş nəzarət tədbirlərinin nəticələri isə Hesablama Palatasının Naxçıvan Muxtar  Respublikası üzrə İdarəsi tərəfindən müvafiq qaydada Naxçıvan MR Ali Məclisinə təqdim edilmişdir.

 

Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabat