Hesablama Palatasının 2015-ci ilin 6 ayı üçün maliyyə-büdcə nəzarəti tədbirləri ilə bağlı Məlumat

Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci ilin 6 ayı ərzində kənar dövlət maliyyə

nəzarətinin təmin olunması üzrə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı

MƏLUMAT

 

Ümumi məlumat: 

Azərbaycan Respublikasının Hesablama Palatası (bundan sonra Palata) kənar dövlət maliyyə nəzarəti orqanı olaraq mövcud qanunvericiliyin müəyyən etdiyi çərçivədə dövlət maliyyə inzibatçılığının güclənməsi, hesabatlılığın, cavabdehliyin və şəffaflığın yüksəldilməsi istiqamətində fəaliyyətini həyata keçirir. Palata fəaliyyətini hər il üçün təsdiq edilmiş İş Planı əsasında qurur.

2015-ci il üzrə İş planına əsasən cari ilin 6 ayı ərzində 58 nəzarət tədbirinin başlanılması və 1-i 2014-cü ilin İş planına aid olmaqla 34 tədbirin nəticələri ilə bağlı Kollegiya qərarları qəbul olunmuşdur. 2015-ci ilin iş planı üzrə nəticələrinə baxılmış nəzarət tədbirlərinin 32-si audit, 1-i isə analitik təhlil olmuşdur. 

Nəticələri müzakirə edilmiş 33 audit tədbiri ilə bağlı kollegiya qərarlarının icrasına dair qanunvericiliklə müəyyən olunmuş müddət çərçivəsində 28 nəzarət tədbiri üzrə məlumatlar daxil olmuşdur.
    
Əhatə dairəsi:     

34 nəzarət tədbirindən 1-i dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini, 1-i dövlət büdcəsinin xərcləri ilə birgə dövlət zəmanəti ilə alınmış kreditlər üzrə vəsaitləri, 29-u dövlət büdcəsinin xərclərini, 2-si Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitlərini, 1-i Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsini əhatə etmişdir. 

Dövlət büdcəsinin xərclərini əhatə edən və nəticələri müzakirə edilmiş nəzarət tədbirlərinin ümumilikdə 2011-2014-cü illər üzrə olmaqla əhatə etdiyi vəsaitin məbləği ötən ilin müvafiq göstəricisi ilə eyni olsa da, hesabat dövründə DSMF-in büdcəsi üzrə 6,8 mln. manat və ARDNF-in 2014-cü il üzrə büdcəsi əhatə olunmuşdur. Əhatə edilmiş dövlət zəmanətli kredit vəsaitlərinin həcmi isə 25,6 mln. manat təşkil etmişdir. 

Dövlət büdcəsinin xərclərini əhatə edən nəzarət tədbirləri funksional təsnifatın 14 bölməsindən 9-nu əhatə etmiş, bu bölmələr arasında həm nəzarət tədbirlərinin sayı, həm də əhatə olunmuş məbləğ baxımından dövlət büdcəsinin funksional təsnifatının “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi ən böyük xüsusi çəkiyə malik olmuşdur. 

İqtisadi təsnifata gəldikdə isə, əhatə olunan vəsaitin 52,5%-ni cari xərclər, 47,5%-ni əsaslı xərclər təşkil etmişdir. Audit tədbirlərinin əhatəsində daxil olan cari xərclərin 20,2%-i (cəmi vəsaitlərin 8,8%-i)  əməktutumlu xərclər olmuşdur.

Həyata keçirilmiş nəzarət tədbirlərinin əhatə etdiyi dövlət büdcəsi vəsaitlərinin 54,2%-i mərkəzi icra hakimiyyəti orqanları, 40,8%-i yerli icra hakimiyyəti orqanları və 5,0%-i digər  dövlət qurumları tərəfindən icra edilmişdir.
 
Əsas nəticələr.

2015-ci ilin 6 ayı ərzində 107 Kollegiya qərarı qəbul edilmişdir ki, onlardan 60-ı cari ilin İş planı əsasında həyata keçirilən nəzarət tədbirlərinin proqramları, 43-ü isə nəticələri ilə bağlı olmuşdur. 

Nəticələri ilə bağlı qəbul edilmiş kollegiya qərarları əsasında 50 quruma təqdimat göndərilmişdir. Həmin təqdimatların 34%-ni yerli icra hakimiyyəti orqanlarına aid olmuşdur.

Ötən illər üzrə qəbul olunmuş qərarların icrasının davamı olaraq və 2015-ci ilin hesabat dövründə görülmüş tədbirlərin nəticəsi kimi ümumilikdə 1564,3 min manat dövlət vəsaitinin bərpası təmin edilmişdir ki, bu da ötən il üzrə müvafiq göstəricidən 5,2% çoxdur.  

Qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa edilmiş pul vəsaitlərinin nöqsanlar üzrə tərkibi əsasən artıq əmək haqqı xərclərinin ödənişi, təmir-tikinti işlərinin dəyərinin artırılması və maddi dəyərlililərin çatışmazlığı ilə bağlı olmuşdur. 

Əmək haqqı xərclərinin ödənişi ilə bağlı nöqsanlar əmək haqlarının hesablanması və ödənilməsi zamanı artıq ödəmələrin, vakant ştatlar hesabına qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin, nəzərdə tutulmadığı halda artıq əlavələrin, maddi yardım və mükafatların verilməsi ilə bağlı olmuşdur. 

Təmir-tikinti xərclərinə ayrılan vəsaitlərin istifadəsi zamanı görülmüş işlərin faktiki başa çatmamış təsdiq edilməsi, layihə-smeta sənədlərində nəzərdə tutulan inventar və avadanlıqların tam təhvil verilməməsi, tikinti obyektlərinin təhvil verilməsi müddətinə əməl olunmaması kimi xarakterik nöqsanlara yol verilmişdir.
  
Hesabat dövründə təhvil verilməmiş 1309,1 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların təhvil verilməsi, 352,5 min manat məbləğində iş və xidmətlərin görülməsi təmin edilmişdir. 

Maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq  101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilmişdir.

Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş xarakterik nöqsanlar arasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin pozulması halları xüsusilə seçilir.

2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885,0 mln. manat təşkil etmişdir. Ümumi məbləğdən 9,8 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 mln. manat isə təsdiq edilmiş məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilmişdir. 

Bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan  iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olmuş, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, birmənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilmişdir. 

Həmçinin nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunmuş təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunmuş, bəzi hallarda hətta zəmanət müddəti bitmiş  debitor borcların mövcud olması aşkarlanmışdır ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olmuşdur. 

Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində  səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinmişdir.