Hesablama Palatasının 2014-cü ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı Məlumat

Hesablama Palatasının 2014-cü ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı

MƏLUMAT


Cari ilin ilk 6 ayı ərzində Palata tərəfindən, İş Planına uyğun olaraq, 48 nəzarət tədbirinin başlanması, bundan 27-sinin nəticələri üzrə qərar qəbul olunmuşdur. Həyata keçirilməsi qərara alınmış tədbirlərin 4-ü dövlət büdcəsinin gəlirlərini, qalan 43-ü dövlət büdcəsinin, biri Dövlət Sosial Müdafiə Fondunun  xərclərini əhatə etmişdir. Hesabat dövrü ərazində dövlət büdcəsinin xərclərini əhatə edən audit tədbirləri ilə yanaşı bir ekspert-analitik təhlildə başa çatdırılmışdır. 



Qərar qəbul edilmiş nəzarət tədbirlərinin əhatə etdiyi ümumi məbləğin 10,1%-ni sosial xərclər, 61,8%-ni əsaslı vəsait qoyuluşları təşkil etmişdir. Audit olunan vəsaitin 80,8%-ni mərkəzləşdirilmiş xərcləri, 19,2%-ni yerli xərcləri əhatə etmişdir. 



Nəticələri barədə qərar qəbul olunmuş nəzarət tədbirləri üzrə Hesablama Palatası tərəfindən müvafiq qurumlara 36 təqdimat göndərilmişdir. 



Bəzi nəzarət tədbirlərinin nəticələrinin hesabat dövrünün sonunda müzakirə olunduğunu nəzərə alsaq, 23 tədbir üzrə Kollegiya qərarının icrası ilə bağlı Palataya təqdim edilmiş məlumatlara əsasən 2014-cü ilin ilk 6 ayı üçün, ümumilikdə 1479,8 min manat məbləğində vəsaitin bərpası, yerinə yetirilməmiş iş və xidmətlər üzrə 108,8 min manat məbləğində işlərin və xidmətlərin görülməsi, 1128,7 min manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan inventar və avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi təmin edilmiş, 270,5 ştat vahidi azaldılmışdır.


Audit tədbirlərinin nəticələrinə əsasən, ötən hesabatlarda qeyd olunmuş  nöqsanlarla yanaşı, əmək haqqı ödənişlərinin, inzibati xarakterli xərclərin (ezamiyyə, yanacaq və s.) və görülmüş iş və xidmətlərin  hesablanması zamanı artıq ödəmələrə yol verilməsi, büdcə təşkilatları tərəfindən dövlət satınalmalarında hesabatlılığın təmin edilməməsi, malların (iş və xidmətlərin) alışı zamanı rəqabətsiz satınalma metodlarına üstünlük verilməsi, vəsaitlərdən səmərəli və nəticəli istifadə edilməməsi hallarına  da rast gəlinmişdir. 



Cari ilin 6 ayı ərzində həyata keçirilmiş audit tədbirləri nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 113 nəfər məsul şəxs barəsində aidiyyəti orqanlar tərəfindən müxtəlif intizam tənbehi tədbirlərinin görülməsinə də nail olmuşdur.



Palata, kənar maliyyə nəzarəti orqanı kimi, antikorrupsiya fəaliyyətini davam etdirmişdir. Belə ki, 2014-cü ilin yanvar-iyun ayları ərzində 2 nəzarət tədbiri üzrə büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz əmək haqqı ödənişi, texniki və məişət avadanlıqlarının təmiri zamanı artıq büdcə vəsaitinin sərf olunması, əsaslı təmir işlərinin yerinə yetirilməsi zamanı iş həcmlərinin süni surətdə artırılması və bu kimi digər maliyyə pozuntularının müəyyən edildiyi nəzərə alınaraq yoxlama materiallarının “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun 103 nömrəli Fərmanının 7-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.